Suriya rejimindən insanlıq cinayəti: 100 ölü, 500 yaralı

Ötən gün Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib.

Nəticədə çoxunun uşaq olduğu 100 nəfər ölüb, 500 nəfər yaralanıb.

Sabahinfo.az Milli.az-a istinadən bildirir ki, hətta yaralıların müalicə aldığı xəstəxana da vurulub. Birləşmiş Millətlər Təşkilatı dəhşətli hadisə ilə bağlı açıqlamasında bildirib ki, kimyəvi silahdan istifadə etmək və sağlamlıq mərkəzlərinə hücum etmək insanlıq cinayətidir.

Yaxın Şərqin qədəri

İraqın 2006-cı ilin dekabrın 30-da asılan diktatoru Səddam Hüseyn də belə bir insanlıq cinayəti törədib. O, 1988-ci ilin mart ayının 16-da Hələbcə şəhərində kimyəvi silah tətbiq edib. Nəticədə çoxu uşaq və qadın olmaqla 5 min nəfər ölüb.

Yaxın Şərqdə yaşayan xalqların qədəri dəyişmədi. 29 il sonra yenə də insanlıq cinayəti törədildi.

Anbardan yayılıb

Suriyanın prezidenti Əsədin müttəfiqi Rusiyadan məsələ ilə bağlı açıqlama gəlib. "İdlibi Rusiya təyyarələri bombalamayıb".

Qazın sarin ya da xlor olduğu ehtimal olunur. Belə bir iddia var ki, bombalanma zamanı kimyəvi silah anbarı vurulub və qaz oradan yayılıb.

Dünya rəsmiləri hücumu qınadılar

Dəhşətli hücumdan sonra Birləşmiş Millətlər Təşkilatında təcili təşkil olunan toplantıya qatılan Fransanın xarici işlər naziri Jean- Marc Ayrault hücumu "vəhşilik" adlandırıb. Britaniyanın xarici işlər naziri Boris Conson isə bildirib ki, bu qorxulu hücuma görə məsuliyyət daşıyanlar layiqli cəzalarını almalıdırlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla əlaqə saxlayıb. Liderlər Suriyada atəşkəsin imzalanması üçün ortaq səy sərf etməyin vacibliyini vurğulayıblar.

Türkiyə yardım etdi

Türkiyənin sərhəddindən 30 kilometr uzaqlıqda yerləşən İdlibə Hataydan onlarla təcili tibbi yardım maşınları göndərilib. Onlarla yaralı Türkiyədəki xəstəxanalara daşınıb.

Buna kim son verəcək

Ötən gün kimyəvi silahdan zəhərlənənlər huşunu itirmə, qusma və ağız köpüklənməsi kimi hallarla qarşılaşıblar. Zəhərlənənlər yerə uzadılaraq kimyəvi mayelərlə yuyulublar.

Xəstəxana həkimləri dəhşətli görüntüləri sosial şəbəkədə yayaraq buna kim son verəcək kimi həştəqlərdən istifadə ediblər. Onlar bu vəhşiliyi qınayıblar.