2016-ci ilin əvvəlindən Avropaya keçmək məqsədi ilə yola çıxan 7 mindən çox miqrant ölüb.
APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məruzəsində bildirilir.
Belə ki, cari ildə 7 189 miqrant ölüb və yaxud itkin düşüb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan yarısından çoxu, 4812 nəfər Aralıq dənizində həyatını itirib. Beynəlxalq Miqrasiya Təşkilatı ilin axırınadək ölüm faktlarının artacağını istisna etmir.
Ümumilikdə, 2016-cı ildə Aralıq dənizi vasitəsilə Avropaya 357 249 nəfər gəlib. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsi ilə öz niyyətlərinə çatıb. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul edib.
Qeyd edək ki, ötən ilki məruzədə Beynəlxalq Miqrasiya Təşkilatı 3 695 miqrantın öldüyünü və yaxud itkin düşdüyünü bildirirdi.