Bu ilin 6 ayı ərzində 26,8 milyon manat məbləğində büdcə vəsaiti təyinatı üzrə istifadə olunmayıb.
sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun "Təyinatdankənar istifadə: diaqnostikası və hüquqi problemlər" adlı məqaləsində deyilir.
Qeyd olunur ki, Hesablama Palatası tərəfindən 2014-2015-ci illərdə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müvafiq olaraq 18 milyon manat və 49 milyon manat məbləğində vəsaitin Vahid Büdcə Təsnifatının iqtisadi və funksional təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyi müəyyən olunub. 2016-cı ilin altı ayı üzrə isə bu məbləğ 26,8 mln. manat təşkil edib.
Bildirilir ki, Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların təhlili təyinat dəyişikliyinin daha çox icra prosesində rast gəlinməsi ilə yanaşı, problemin proqnozlaşdırılma dövründə də mövcud olduğunu göstərir:
"Eyni zamanda, qeyd edək ki, vəsaitlərin icrası zamanı təyinatın dəyişdirilməsi bir çox hallarda yenə də proqnozlaşdırma prosesinə əsaslı yanaşmanın tətbiq edilməməsi ilə bağlıdır. Belə ki, büdcə sərəncamçıları tərəfindən proqnoz hesablamalarının tərtibində xərc istiqamətlərinə təsir edən faktorların ötən illər üzrə icra səviyyələrinin nəzərə alınmaması nəticədə xərclərin düzgün proqnozlaşdırılmamasına, icra prosesində təyinatın dəyişdirilməsinə gətirib çıxarır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları"na əsasən də Ehtiyat Fondundan vəsait almış təşkilatlar həmin vəsaitin öz təyinatı üzrə düzgün xərclənməsinə bilavasitə məsuliyyət daşıyırlar. Həmçinin göstərilib ki, fondun vəsaiti təyinatı üzrə istifadə edilməlidir və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadəni və onların vaxtında qaytarılmasını təmin etməyən şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar".