Xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri Brüsseldə keçirilən iclasına qatılıb.
sabahinfo.az Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu gün xarici işlər naziri Elmar Məmmədyarov NATO Mənzil Qərargahında NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak edib.
Nazir Türkiyə, Almaniya, Çexiya xarici işlər nazirləri və NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi James Appathurai ilə görüşlər keçirib.
Qeyd edək ki, hazırda Azərbaycan Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində Əfqanıstana töhfəsinin əsas elementlərini Qətiyyətli Dəstək Missiyasına hərbi qüvvə töhfəsi, mülki təlim, tranzit və Əfqan milli qüvvələrinin maliyyə təminatı təşkil edir.
E. Məmmədyarov toplantıdakı çıxışında Azərbaycan stabillik və güvənin əldə olunması yolunda qəti şəkildə Əfqanıstanın yanında olduğunu vurğulayıb:
"Bu gün Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Əfqanıstan ərazisində ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) missiyasının başa çatmasının ardınca təhlükəsizliyin təmin olunmasının tam məsuliyyətini öz üzərinə götürüb.
Bununla belə, biz bu ölkənin hələ də təhdidlərlə qarşılaşdığını və əfqan dostlarımıza daha çox dəstək verməli olduğumuzu bilirik. Azərbaycan bu istiqamətdə səylərini davam etdirməyə və qüvvələrin, multimodal tranzit, təlim və maliyyə yardımının təmin edilməsi ilə Qətiyyətli Dəstək Missiyasına əhəmiyyətli töhfə vermə işinə sadiqdir.
Bu xüsusda, mən qətiyyətlə bir daha vurğulayıram ki, mənim ölkəm 2016-ci il ərazində Qətiyyətli Dəstək Missiyasına töhfə verməkdə davam edəcək. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun (ƏMO) İnam Fonduna müvafiq əhəmiyyətli ianə etmişdir və 2017-ci ilin sonuna kimi bu fonda maliyyə dəstəyinin göstərilməsini öz üzərinə götürüb.
Bundan başqa, Azərbaycan Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və əməli əməkdaşlığa sadiq qalır. Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra mənim ölkəm inkişaf etmiş Davamlı Tərəfdaşlıq vasitəsilə töhfə verməyi nəzərdə tutur”.
Nazir əlavə edib ki, Azərbaycanın Əfqanıstanda sabitliyin bərqərar olunmasına dəstəyi yalnız NATO çərçivəsində əməkdaşlıqla məhdudlaşmır:
"Sonda onu da qeyd etmək istərdim ki, mənim ölkəmin Əfqanıstanın stabilliyinə verdiyi töhfəsi yalnız NATO-nun əməliyyatlarında iştirakla məhdudlaşmır.
Mədəni və coğrafi cəhətdən yaxın ölkə kimi, biz, təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, sərmayələr, eləcə də cəmiyyətdə qadınların rolunun artırılması sahəsində əməli töhfələrin artırılması ilə gələcək güvənin əldə edilməsi istiqamətində Əfqanıstanın islahatlar yolunu dəstəkləyirik.
Yeni İpək Yolunun əhəmiyyətli parçası olaraq Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək vermək məqsədilə Əfqanıstan və Avropanı birləşdirəcək”.