ATƏT-in Minsk qrupu danışıqların yekun bəyanatını təqdim etdi
Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Sabahinfo.az-in "Ria novosti" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırırlar.
Sənəddə deyilir ki, "Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”.
Tərəflər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikası rəhbəri Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.
Sarkisyana görə görüş "normal" keçib
Brifinqin iştirakçıları arasında ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışan həmsədrləri - Ceyms Uorlik, İqor Popov və Pyer Andrie olub.
Gələn ay Qarabağın yekun həlli üçün danışıqlara başlanacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşünün yekunları barədə jurnalistlərə açıqlama verib.
Sabahinfo.az-in məlumatına görə, Lavrov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparmaq üçün növbəti görüşün yeri və vaxtı barədə razılığa gələcəklər.
Lavrovun sözlərinə görə, Əliyev və Sarkisyan iyun ayında Qarabağ münaqişəsinin yekun həlli üçün iyunda növbəti görüşün yeri və vaxtı ilə bağlı razılığa gələcək.
"Bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin 3+2 formatında görüşü, həmçinin Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclası keçirilib. Danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər", - Lavrov bildirib.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Avstriyanın paytaxtı Vyanadakı görüşü başa çatıb.
Sabahinfo.az-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi xəbər verir.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib.
4 günlük müharibədən sonra baş tutan ilk görüşün təfərrüatları barədə hələlik heç bir açıqlama verilməyib.
4 günlük müharibədən sonra ilk görüş başladı
Aprel ayının əvvəllərində baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüblər.
ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edir.
Prezidentlər görüşdə üz-üzə əyləşiblər. Prezidentlər və nazirlər görüşdən əvvəl jurnalistlərə açıqlama verməyiblər. Prezidentin mətbuat katibi Azər Qasımovun verdiyi məlumata görə, görüşdə söhbət ilk növbədə atəşin dayandırılması və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi barədə olacaq.
Ermənistan Xarici İşlər Nazirliyinin görüşə qədər verdiyi məlumata görə, onların bu görüşdən gözləntisi 1994-cü il atəşkəs razılaşdırmasının möhkəmləndirilməsidir.
Prezident İlham Əliyev bu toplantıdan əvvəl Avropa diplomatiyasının rəhbəri Federika Mogerini və ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
Prezidentlərin bundan əvvəlki görüşü isə keçən il 19 dekabrda Berndə keçirilmişdi. Görüş nəticəsiz başa çatmışdı.
Az sonra Əliyevin Kerri ilə Qarabağ görüşü başlayacaq
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Diplomatiyasının rəhbəri Federika Mogerini ilə görüşü başa çatıb.
SAbahinfo.az-in məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətindəki mənbə "RİA Novosti" agentliyinə xəbər verib.
Mənbə bildirib ki, bu dəqiqələrdə prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə məsləhətləşmələri başlayacaq: "Bu görüş Minsk Qrupu həmsədrlərinin iclasından əvvəl baş tutacaq".
Hazırda Con Kerri Ermənistan prezidenti Serj Sarkisyan ilə məsləhətləşmələr aparır.
Əliyev Mogerini ilə Qarabağı müzakirə edib
Mayın 16-da Avstriya Respublikasına işgüzar səfərə gələn Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşü olub.
ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyi qeyd edilib və səfərin yaxşı nəticələrinin olduğu bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulanıb, bu ilin aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edilib.
Əliyev, Sarkisyan və Mogerini danışıqlara başladı
Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə nümayəndə heyətlərindəki mənbəTASS agentliyinə bildirib.
"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqlarındən əvvəl Mogerini Əliyev və Sarkisyanla görüşür", - deyə mənbə bildirib.
20:36 / Qarabağ üzrə danışıqlar başladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlara başlayıb.
Sabahinfo.az-in məlumatına görə, bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən öncə baş tutub.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədri kimi prezidentlər arasında aparılan görüşdə iştirak edəcəklər.
Federika Mogerini prezidentlərin görüşünü təsdiqlədi
"Azərbaycan və Ermənistan prezidentləri bu axşam görüşəcəklər". ANS PRESS-in məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini öz "Twitter” səhifəsində yazıb.
Öz tvitində Mogerini hazırda Liviya üzrə danışıqların keçirildiyi, axşam Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün, sabah isə Suriyaya Beynəlxalq dəstək qrupunun iclasının keçiriləcəyi haqda məlumat verib.
Eyni zamanda Ermənistanın İctimai Televiziyasının Vyanaya ezam olunan müxbirinin məlumatına görə, prezidentlərin görüşü hələ də dəqiqləşdirilməyib.
O deyib ki, prezidentlərin bir araya gəlməsi ABŞ-ın dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün nəticəsindən asılıdır. Artıq Sarkisyan, Mogerini və Kerri görüşünün olacağı təsdiqlənib.
Sarkisyan Vyanaya gedib
Ermənistan Prezidenti Serj Sarkisyan Vyanaya rəsmi səfərə gedib. Sabahinfo.az-in məlumatına görə, Sarkisyan burada ATƏT-in Minsk qrupunun təşkil etdiyi bir neçə işgüzar görüşdə iştirak edəcək.
Bu gün Vyanaya, həmçinin İlham Əliyevin də səfəri gözlənilir. Burada Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşməlidir.
Ermənistan prezidenti Serj Sarkisyanın Vyanada görüntülənən xidməti avtomobili