Anasının dəfni üçün İslamı qəbul etdi

Qırğızıstanın Cəlalabad vilayətinin Sarıtala kəndinin sakinləri və yerli imamlar həmkəndliləri Kanygul Satıbaldıyeva-nın qohumlarının onu yerli qəbiristanlıqda dəfn etməsinə icazə verməyiblər. Səbəbsə mərhum qadının baptist xristian dini təriqətindən olmasıdır.

HƏLƏ DƏ YER AXTARIRLAR

sabahinfo.Az azadliq.org-a istinadən bildirir ki, uzun mübahisələrdən sonra qadının dəfninə Oruktu kəndində yer tapılıb. Ancaq buranın sakinləri də etiraz edib. Qohumları cəsədi yenidən yerin altından çıxarmalı olublar.

Daha sonra onu Sarıbulak kəndindəki xristian qəbiristanlığında dəfn ediblər. Ancaq burada da sakinlər etiraz ediblər.

Vilayət hökumətinin rəsmisi Kiyanbek Satıbaldıyev məlumatı təsdiqləyib. Hələ də qadının dəfninə yer axtarılır.

Oktyabrın 13-də vəfat etmiş Kanygul Satıbaldıyeva-nın qızı Jıldız Azayeva sakinlərin dəfnə etirazlarını görüb meriyaya və yerli keneşin (yerli özünüidarə orqanı) deputatlarına müraciət edib.

DAŞQALAQ ÇAĞIRIŞLARI DA SƏSLƏNİB

İlk olaraq, rayonun imamı ölən qadının müsəlman qəbiristanlığında dəfninə qarşı çıxış edib. Oktyabrın 14-də o, adamları toplayaraq Jıldız Azayevadan islama dönməsini tələb edib. Orada qadını daşqalaq edərək cəzalandırmaq çağırışları da səslənib.

"Onlar tələb edirdilər ki, mən xristianlıqdan çıxıb islamı qəbul edib. Bütün bunları videoya çəkirdilər. Anama görə razılaşmalı oldum. Məni məcbur etdilər. İstəyirdilər ki, bu, başqalarına da dərs olsun. Məndən kəlmeyi-şəhadət deməyimi tələb etdilər, deyə bilmədim. İmam camaatın içində məni lağa qoydu. İslamı qəbul edib soruşdum ki, indi anamın dəfninə icazə verəcəklərmi. Axı meyit artıq iki gün qalmışdı və iy verməyə başlamışdı. Ancaq toplaşanlar razı olmadılar. Dedilər ki, meyiti öz bağımda dəfn edim. Düşmənimə də belə durumu arzulamaram. İmam dedi ki, onlar "sadəcə, məni yad dindən xilas ediblər, yoxsa məni daşqalaq edərdilər", Jıldız deyir.

Onun sözlərinə görə, toplaşanlardan heç kim digərlərini dayanmağa, emosiyalara qapılmamağa çağırmayıb. Yerli hökumətin və milisin nümayəndələri də baş verənləri sakitcə müşahidə ediblər.

"HEÇ KİMƏ ZİYAN VURMAMIŞIQ"

"Anam on il bu kitabları oxuyub. Heç kimə ziyanı dəyməyib. Valideynlərim 50 il bir yerdə yaşayıblar. Atam hələ də namaz qılır. Sakinlər, heç olmasa, ona rəhm edəydilər. Qardaşlarım yoxdur, iki bacıyıq. ...Axı insanları mövqelərindən asılı olmayaraq, dəfn edirlər. Caniləri və terrorçuları da dəfn edirlər. Heyvanları belə basdırırlar. Mənim anam adi Qırğızıstan vətəndaşıdır. Bəyəm biz kimisə öldürmüşük? Ya da kimisə soymuşuq? Heç kimə heç bir ziyan vurmamışıq", Jıldız deyir.

Rayonun imamı Şumkar aji Çinaliyev isə Jıldız Azayeva-nı lağa qoymadığını, sadəcə "izahedici söhbət" apardığını deyir.

Rayon rəhbəri Sonunbek Akparaliyev bildirib ki, Satyrbayeva-nın dəfni üçün qəbir hazırlanır. Bu qəbirdə daha əvvəl baptist təriqətindən olan başqa bir şəxs dəfn edilib. İcra başçısı imamla bağlı şikayətlərə mütləq baxılacağını söyləyir.

"Axı hamımız müsəlmanıq. Hamı başqa dinləri qəbul etsə, axırımız nə olar?" - rayonun icra başçısı Sonunbek Akparaliyev deyir.

"MOLLALAR RƏHBƏRDİR?"

Konstitusiyaya görə, Qırğızıstan dünyəvi dövlətdir. Hüquq müdafiəçisi Tursunbek Akun ölkənin din azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini yada salır.

"Qırğızıstanın din azadlığına dair beynəlxalq konvensiyanı təsdiqləməsindən sonra ölkədə müxtəlif dinlərin sayı kəskin artıb. Düşünürəm ki, bu sənədi təsdiqləməyə də bilərdilər. Ancaq, madam ki, qəbul ediblər, ona əməl etmək və bu dinlərin nümayəndələrinə qəbiristanlıq üçün ərazilər vermək lazımdır. İslam dözümlülüyü, sülhü təbliğ edir. Təsəvvür edirsinizmi, onları daşqalaq etsəydilər, nə olardı? Biz hüquqi dövlətdə yaşayırıq. İcra hakimi və müavinləri soruşurlar ki, nə etsinlər, axı bütün məsələləri moldo (molla) həll edir. Nədir, bizdə rəhbərliyi qubernatorlar və icra hakimləri yox, din xadimləri gerçəkləşdirir?" - Tursunbük Akun sual edir.

Qırğızıstanda baptistlərin fəaliyyəti hələ 1907-1908-ci illərə gedib çıxır. Həmin vaxt buralara ilk alman ailələri köçürülüb. Hazırda ölkədə bu təriqətin 3000-ə qədər davamçısı və 50 ibadət evi mövcuddur.

Qırğızıstanda qeydiyyatdan keçmiş 2 min 800 dini qurumdan 2 mini islam təriqətlərinə aid təşkilatlar və məscidlərdir. Qalanı xristianlığı təmsil edir.