Dubaydan Azərbaycana gələn turistlərin sayı artıb.
sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Turizm haqqında" qanun layihəsinin bu gün keçirilən növbəti müzakirəsi zamanı deyib.
M.Qəhrəmanov bildirib ki, dövlət başçısı tərəfindən bır sıra ölkələr üçün viza rejiminin sadələşdirilməsi turistlərin ölkəmizə axınına şərait yaradıb.
M.Qəhrəmanov qeyd edib ki, 2015-ci ildə Dubaydan ölkəmizə gələn xarici vətəndaşların sayı 750 nəfər olub. 2016-cı ilin 6 ayında Dubaydan ölkəmizə gələn xarici vətəndaşların sayı 9500-dən çox, 9 ayında isə 22 min nəfər olub: "Dövlət başçısının tapşırığı ilə hər bir vətəndaş "ASAN xidmət" vasitəsilə müvafiq qanunvericiliyə uyğun olaraq 3 gün müddətində viza ala biləcək. Bu da turizmin inkişafında mühüm əhəmiyyət kəsb edəcək".