Bu gündən Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.
Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.
"Siyəzən Broyler" ASC-nin direktoru Barış Alpay qərarla bağlı saytımıza danışarkən onu müsbət qiymətləndirib:
"Qərar özlüyündə müsbətdir, amma bununla yanaşı, ölkəyə böyük həcmdə idxal mallarının gətirildiyi xəbərlərini alırıq. Şirkətlər iqtisadi böhrandan sonra sıxıntı içərisindədir. İşlərə davam edə bilmək üçün Azərbaycandakı sahibkarlara dəstək verilməlidir. Dəstək olarsa, şirkətlər öz imkanlarını daha da genişləndirərlər.
İdxal malları gəlməyəcəyi təqdirdə yerli bazara tələb artacaq. Bunun üçün şirkətlərə dəstək vermək lazımdır.
Devalvasiyadan sonra xammal qiymətləri çox qalxıb. Bildiyiniz kimi xammalın böyük əksəriyyətini xaricdən idxal edirik.
Buğda, qarğıdalı, soya və s. maliyyətimizin 70 faizini qarşılayır. Bildiyiniz kimi bunlar da dollara bağlıdır”.
Şirkət rəsmisi devalvasiyadan sonra zərərlə işlədiklərini açıqlayıb:
"Belə olduğu təqdirdə ölkədə baş verən 70 faizlik devalvasiya nəticəsində qiymətləri yalnız 20 faiz qaldıra bildik. Nəticədə isə 50 faiz zərərlə işləyirik. Hazırda biz zərərlə işləməyə davam edirik. Ölkədə kənd təsərrüfatını, əkinçiliyi inkişaf etdirmək lazımdır ki, buğda, qarğıdalı, soya kimi yem qidalarını xaricdən almağa ehtiyac qalmasın.
Xüsusilə kəndliləri bu işə cəlb etməklə onlara iş vermək, eyni zamanda bazarı yerli xammalla təmin etmək lazımdır.
Biz şirkət olaraq 25-30 milyon quş saxlamaq imkanlarına malikik. Azərbaycandakı digər yerli firma və şirkətlərin də daxili tələbatı ödəmək imkanlarının yetərli olduğunu düşünürəm. Artıq ölkənin öz daxili tələbatını qarşılamasının vaxtıdır. Dövlətdən kredit, lizinq kimi yardımlar olarsa, biz bunun öhdəsindən gəlməyə hazırıq.
Bizim yerimiz var, zavodumuz yenidir, lazım gələrsə, sexlərimizin sayını da artıra bilərik”.
"SƏBA” şirkətlər qrupunun rəsmisi Modern.az-a deyib ki, qərar daxili bazarı stimullaşdırmaq üçün atılan ən doğru addımdır:
"Ümid edirik ki, bu dəyişikliklər satışlarımıza müsbət təsir göstərəcək. Bildiyiniz kimi, "Səba”ya daxil olan şirkətlərin birləşmiş hesabatı 9 ayın nəticələrinə görə mənfəətə çıxdığımızı göstərsə də, toyuq əti istehsalında müəssisəmiz ziyanla işləyib.
Baxmayaraq ki, "Səba” məhsullarının qiyməti artmayıb və "Səba” yeganə yerli quş əti istehsalçısıdır ki, özü yem istehsal edir. Bu il ilk dəfə olaraq, böyük sahədə quş istehsalında vacib olan soya becərib. Qanunvericilikdə yaradılmış imkan və öz yeniliklərimiz bizə satışlarımızı artırmağa kömək edəcək”.
"Garant Aqro” quş əti emalı müəssisəsində istehsal olunan "Mərcan” toyuqlarının satış şöbəsindən qısaca olaraq qərarı müsbət qiymətləndirdiklərini deyərək nəticələr barədə danışmağın tez olduğunu bildiriblər.