Bakıda dollar satmayan bank filialları bağlandı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 6 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Nikoyl Bank" İKB ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətinə xitam verilərək, bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazələri ləğv edilib.
 
MBNP-dən "APA-Economics"ə verilən məlumata görə, icazələrin ləğv olunmasına səbəb, sözügedən filiallarda Palata tərəfindən müəyyən edilmiş sağlam kreditləşmə normalarına riayət edilməməsi, kassa əməliyyatlarında qanun pozuntusuna yol verilməsi, habelə uçotun təhrif edilməsidir. Bundan əlavə, yerində baxış zamanı bankın filiallarında olan mübadilə kassalarındakı faktiki qalığın balans məlumatından kənarlaşması müəyyən edilib. Belə ki, Palata tərəfindən aparılmış kassa yoxlamaları zamanı, filialların kassalarında xarici valyutanın mövcud olmasına baxmayaraq, satış əməliyyatı aparılmayıb.
 
Həmçinin, MBNP tərəfindən təsdiq edilmiş "Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri"nin tələbləri gözlənilməyib, borcalanın aylıq borc yükünün onun gəlirinə nisbəti əmsalı pozulub. Palata xarici valyuta ilə istehlak kreditlərinin verilməsinin 5 aprel 2016-cı il tarixindən bir ay müddətinə qadağan etməsinə baxmayaraq xarici valyutada istehlak kreditlərinin verilməsi faktları aşkarlanıb. Sadalanan səbəblər qeyri-sağlam və dayanıqlı bank təcrübəsinə zidd olmaqla idarəetmə sistemindəki fundamental problemlərdən qaynaqlanıb.
 
Bütün bunları nəzərə alaraq və "Banklar haqqında" qanunun 16.2.7-ci və 48.1.7-ci maddələrini, habelə MBNP-nin nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, "Nikoyl Bank" ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətlərinə xitam verilərək, bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş müvafiq olaraq 08.11.2013-cü il tarixli 203/2 saylı, 03.02.2005-ci il tarixli 203/3 saylı, 21.02.2013-cü il tarixli 203/15 saylı, və 17.06.2014-cü il tarixli 203/18 saylı icazələr ləğv edilib.