BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik oktyabrın 1-də Rusiyaya keçib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya sədrliyi Yeni Zelandiyadan təhvil alıb və noyabrın 1-də Seneqala verəcək. 

 

Rusiyanın TŞ sədri olacağı oktyabr ayı ərzində 20-dək iclasın keçirilməsi gözlənilir. İlk iclas oktyabrın 3-də olacaq. 

 

Oktyabr ayı ərzində BMT TŞ-nın iclaslarının əsas gündəliyi də açıqlanıb. Rusiyanın sədrliyi dövründə BMT TŞ-də Afrikadakı münaqişələr, həmçinin Yaxın Şərqdəki vəziyyət - Suriya, Livan, Yəməndəki durum əsas müzakirə mövzusu olacaq.

 

Rusiyanın sədrliyinin ən əhəmiyyətli məsələlərindən biri isə BMT-nin baş katibliyinə namizədlərlə bağlı səsvermənin keçirilməsidir. Belə ki, oktyabrın 5-də TŞ-də BMT baş katibi postuna namizədlərlə bağlı yeni formatda səsvermə keçiriləcək. Bu il iyulun 21-dən TŞ üzvləri artıq səsvermənin 5 raundunu keçiriblər. Bütün səsvermələrdə Portuqaliyanın keçmiş baş naziri Antonio Qutiyeres lider olub. Oktyabrın 5-də isə TŞ-nin daimi və qeyri-daimi üzvlərinin səsvermə bülletenləri rənginə görə fərqlənəcək. Məqsəd namizədin TŞ-nin beş daimi üzvü - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa (bu ölkələrin veto hüququ var) tərəfindən dəstəkləməsini müəyyənləşdirməkdir.

 

Baş katib postuna namizəd 5 daimi üzvün hamısı və 10 qeyri-daimi üzvdən ən azı 4-ü olmaqla 9 səs qazanmalıdır.

 

BMT baş katibi postu uğrunda 10 nəfər mübarizə aparır. Onların arasında Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç səsvermələrdə ikinci, Slovakiyanın sabiq XİN başçısı Miroslav Layçak isə üçüncüdür. Baş katib postu uğrunda yarışanlar arasında UNESCO-nin baş direktoru İrina Bokova da var.

 

Qeyd edək ki, BMT TŞ-də 15 dövlət təmsil olunur. Onlardan beşi daimi, 10-u isə 2 il müddətinə seçilmiş qeyri-daimi üzvdür. Hazırda qeyri-daimi üzv ölkələr Anqola, Venesuela, Misir, İspaniya, Malayziya, Yeni Zelandiya, Seneqal, Ukrayna, Uruqvay və Yaponiyadır.

 

Azərbaycan da 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olub.

 

BMT TŞ-yə sədrlik 15 üzv arasından əlifba sırası ilə müəyyənləşir. Sədrlik 1 ay çəkir.