"İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu hər gün iş başındadır və daxil olan ərizələrə baxır". Bunu hüquq müdafiəçisi Səadət Bənəniyarlı deyib. O may ayında əfv olacağını istisna etməyib.
İşçi qrupun üzvü, Azərbaycan Milli Helsinki Komitəsinin sədri Arzu Abdullayeva "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, may ayının sonunda əfv olacağı gözlənilir: "Bu yaxınlarda İşçi Qrupunun və Əfv Komissiyasının birgə toplantısı oldu. Biz orada əfv məsələsini müzakirə etdik. Bildirdik ki, əfv mütləq olmalıdır, ancaq mayın 10-u üçün yəqin ki, çatmayacaq. Ayın sonunda isə əfv olacağı gözlənilir.
Biz Əfv Komissiyası ilə dəqiqləşdirdik ki, mayın 10-da əfv olmayacaq. Son zamanlar İşçi Qrupunun tam heyətlə toplanması çətinləşib, gec-gec yığılırıq. Ancaq ayrı-ayrılıqda görüşlər keçirilir, məsələləri həll edirik. Son iki məhkəmə qərarı da bizi məyus etdi. Rəsul Cəfərova 6 il yarım və İntiqam Əliyevə 7 il yarım həbs cəzası verildi. Onlar bizim həmkarlarımızdır və dostlarımızdır, ona görə də bu qərardan şoka düşdük. Biz hazırda onları müzakirə edirik”.