Macarıstanda ən böyük müxalifət qəzeti olan "Nepszabadsag” ("Xalq azadlığı”) çapını dayandırıb. Sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, qəzetin sahibi nəşrin çapının dayandırılması yeni konsepsiyasının formalaşdırılması və reallaşdırılmasına qədər davam edəcəyini deyib.
"Nepszabadsag”in nəşrinin dayanması media üçün qara gündür”. Bunu Macarıstan Sosialist Partiyasının nümayəndələri bəyan ediblər. Onlar qəzetin redaksiyasının yerləşdiyi binanın qarşısında kütləvi aksiya keçirilməsinə çağırış da ediblər. Nəticədə 2 minə yaxın adam yığılıb.
Avrpopa Parlamentinin sədri Martin Şults qəzetin bağlanmasını "həyəcanlı presedent” adlandıraraq bəyan edib ki, Macarıstanda etiraz edənlərlə həmrəydir.
Qəzet ölkənin baş naziri Viktor Orbanın fəaliyyətini, o cümlədən Avropa İttifaqı ölkələrindən qaçqınların qəbulu kvotası haqda keçirilən referenduma görə kifayət qədər tənqid edib.
Orbanın tənqidçiləri onu Macarıstan KİV-ni öz hökumətinin "carçısına” çevirmək istəyində ittiham ediblər.
Ayrı-ayrı şəxslərə məxsus olan bəzi KİV-ləri son zamanlar rəsmi Budapeştə loyal oliqarxlar alıblar. Belə şayiələr də dolaşıb ki, "Nepszabadsag” da Orbanın tərəfdarlarından birinə satıla bilər. İndiki sahibi – Avstriyanın Mediaworks konserni bu söz-söhbətləri şərh etməyib.