Xəbər verdiyimiz kimi, rejissor Kənan M.M. "Gecə qonağı" filminin ikinci hissəsini lentə alır. Rejissor ekran işinin ilk bölümündə yer alan aktyor Fərda Xudaverdiyevin ikincidə olmayacağını, buna onun istədiyi yüksək qonorarın səbəb olduğunu bildirib.
sabahinfo.Az xəbər verir ki, F.Xudaverdiyev axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, rejissordan yüksək qonorar tələb etmədiyini söyləyib:
"Kənanla aramızda bir anlaşılmazlıq oldu. Dostumdur, qardaşımdır, amma bu qonorar söhbəti çox böyüdüldü. Mənim istədiyim qonorar dedikdə, burada çox cüzi bir məbləğdən söz gedir. Bunu xarici ölkədəki aktyorların aldığı maaşla müqayisə etmədən deyirəm. Həqiqətən də, narazaçılıq kiçik məbləğdən yarandı".
F.Xudaverdiyev "Selfinaz" şousundan sonra qonorarınızı artırmısınız" sualına belə cavab verib:
"Çoxlu film təklifləri alıram. Amma içərisindən ən sərfəlisini seçməyə çalışıram. Eyni zamanda da ssenari yaxşı olmalıdır. Qonorarla bağlı gözləntilərim çoxdur, amma hələ özünü doğrultmayıb. Mən qonorar olmayanda da çalışmışam".