Gürcüstanın Energetika və su təchizatı üzrə Milli Tənzimləyici Komissiyası elektrik enerjisi tariflərinin artırılmasını istisna etmir. "APA-Economics” xəbər verir ki, bunu komissiyanın sədri İrina Milorava bildirib.
Qurum qərarını dekabr ayının 31-dək açıqlamalıdır.
Tariflərin artırılması ilə bağlı bütün elektrik enerjisi və təbii qazın paylanması ilə məşğul olan şirkətlər müraciət edib.
"Mən tariflərin artırılacağını istisna etmirəm. Artıq dispetçer xidmətləri üçün tariflər artırılıb. Böyük ehtimalla, istilik enerjisi üçün tariflər də artacaq. Lakin idxal qiymətləri azalıb. Başqa ölkələrdə baş verənlər bizə təsirsiz ötüşməyib. Tariflər elə səviyyədə olacaq ki, heç bir şirkət ziyanla üzləşməsin”, - deyə İ. Milorava bildirib.
İdxal olunan elektrik enerjisinin qiymətinin azaldılmasının səbəbinə gəlincə, bu, Rusiya tərəfi ilə müvafiq razılığın əldə olunması ilə əlaqədardır. Bununla yanaşı, Gürcüstanın qış dövründə Azərbaycan və Türkiyədən elektrik enerjisi idxal etmək imkanı var ki, bu da elektrik enerjisinin daha ucuz başa gəlməsinə şərait yaradır.
Qeyd edək ki, sonuncu dəfə elektrik enerjisinin tarifləri 2015-ci dəfə dəyişib. O zaman elektrik enerjisinin tariflərinin dəyişməsinə səbəb milli valyuta olan larinin kəskin ucuzlaşması göstərilirdi.