Baş rollarda Bergüzar Korel və Halit Ergençin oynadığı serial yüksək məbləğdə 50 ölkəyə satılıb. Serialın cəmi 13 bölümü çəkilib.
1900-cu illərdə İzmirin işğal günlərində dağılan ailənin yenidən birləşməsindən, amansız müharibə şəraitində məhəbbətlərini qoruyub saxlamağa çalışan iki insanın əsarətdən azadlığa çıxmasından bəhs edir.
Xatırladaq ki, Bergüzarla Halitin 2006-cı ildə birlikdə rol aldığı "Min bir gecə” serialı da satışı üzrə rekord qırmışdı.
Məsələ ilə bağlı açıqlama yayan "Doğan” TV Holdinqin Beynəlxalq və Təşkilati Strategiya Qrupunun rəhbəri Özge Bulut Maraş bu uğurda təkcə baş qəhrəmanların əməyi keçmədiyini iddia edib:
"Bu uğurun əldə edilməsində məşhur aktyorlarla yanaşı, rejissor Yağmur və Durul Taylan, eləcə də çəkiliş qrupu və prodüserin də əməyi var. "Vətənim Sənsən” Amerikadan Avropaya Afrikadan Asiyaya qədər bir çox ölkələrdə maraqla izlənilir. Dünyanın onlarla ölkəsində və fərqli dildə yayımlanan serial izlənmə rekordu qırır. "Kanal D” serialları bu günə qədər 147 ölkədə göstərilib, "Vətənim Sənsən” isə türk seriallarının əvvəllər nümayiş olunmadığı ölkələrə də gedib çıxıb. Bu gedişlə "Kanal D” 2017 ilin sonuna qədər təxminən 160 ölkə ilə əməkdaşlıq etməyi düşünür”.
Özge Bulut Maraşın sözlərinə görə, bu vaxta qədər Latın Amerikası, Şimali Afrika, Yaxın Şərq, Şərqi Avropa və Asiyaya müxtəlif seriallar satıblar. Həmin ölkələrdə türk seriallarına olan tələbat son 10 ildə ciddi artım göstərib. "Vətənim Sənsən” isə Türkiyədə bir ilki həyata keçirib.
Xatırladaq ki, Türkiyə İxracatçılar Məclisi tərəfindən (TİM) ötən il ilk dəfə keçirilən "Türkiyənin 500 Böyük Xidmət İxracatçısı" mükafatlarının təqdim olunma mərasimində "Doğan TV” (Kanal D), "Vizual - Audio Xidmətlər" kateqoriyasında birinci olub. Özge Bulud Maraş "Kanal D”-nin xarici serial ixracatı rəqəmlərinə verdiyi töhfəylə yalnız ixracı gücləndirmədiyini, bir çox sektora müsbət təsir etdiyini və ölkə iqtisadiyyatına da kömək etdiyini vurğulayıb”.
Qeyd edək ki, 1900-cu illərin əvvələrində baş verən hadisələrdən bəhs edən serialın çəkilişlərinə, dekorasiya və kostyumlara böyük pullar xərclənib.