Ötən il Azərbaycanın 210 yaşayış məntəqəsi qazlaşdırılıb

Ötən il Azərbaycanda 209 yaşayış məntəqəsinə təbii qaz verilib. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədi ilə "Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir.

 

Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2016-cı il ərzində 7 805 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 279 km qaz kəməri əsaslı təmir olunub.

 

Aparılan tikinti-quraşdırma işləri nəticəsində ötən il ərzində 209 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilib.