Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il iş istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

sabahinfo.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, M.Hüseynova  xalq artisi İ.Quliyevanın 2 milyon 700 min manat dəyərində olan daşınan və daşınmaz əmlakını ələ keçirməyə cəhd edib. Onun sözlərinə görə, M.Hüseynova bu məqsədlə saxta vəsiyyətnamə hazırlayıb.

Prokuror M.Hüseynovanın cinayət əməlinin istintaq zamanı şahidlərin ifadəsi ilə sübuta yetirildiyini bildirib.

Dövlət ittihamçısı M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib.

M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xalq artisti İlhamə Quliyeva fevralın 25-də uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.