Noyabrın 28-dən "quş
qripi” xəstəliyinə görə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin(DBNX), Səhiyyə, Ekologiya
və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanmışdır. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də
respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülmüşdür.
sabahinfo.az-a verilən məlumata görə "Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla
ovlanaraq götürülən 26 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1753 baş
ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən
keçirilmişdir. Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, müayinələr başa çatmış və nümunələrin heç birində "quş qripi” xəstəliyinin törədicisi aşkar edilməmişdir.
Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməmişdir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə,
baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri
aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.
Hazırda "quş qripi” xəstəliyinə və digər iti
yoluxucu xəstəliklərə görə
respublikamızda epizootik vəziyyət sabitdir.
Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.