"Ötən il baş verən iki devalvasiya sığorta institutlarının maliyyə dayanıqlılığına təhdidlər yaradıb. Beynəlxalq təcrübədə sığorta institutlarının maliyyə təhdidləri təxminən 4 rüb ərzində davam edir. Biz hazırda bunun ikinci rübünü yaşayırıq. Deməli, bundan sonra da iki rüb ərzində bu təhdidlər davam edəcək" - bu sözləri Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.
A.Zülfüqarov deyib ki, sığorta sistemi üçün bir sıra risklər xarakterikdir. Bu məqsədlə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara keçmək üzərində işlər görülür: "Digər görəcəyimiz işlər insanların sığorta məhsullarına əlçatanlığının artırılmasıdır. Bunun üçün sığorta bazarının yeni məhsulları yaratmasına ehtiyac var. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində sığorta ombudsmanının yaradılması məqsədəuyğun olardı".
Azərbaycanda 2008-ci ildə sığorta ombudsmanı institutunun yaradılması gündəmə gətirilmişdi. Amma hələ ki heç bir iş görülməyib. Ümumiyyətlə, sığorta ombudsmanının yaradılmasına ehtiyac varmı? Bu qurumun funksiyası nədən ibarət olacaq?
İqtisadçı ekspert Samir Əliyev qəzetimizə açıqlamasında Azərbaycanda daha çox maliyyə ombudsmanının yaradılmasına ehtiyac gördüyünü dedi. Bildirdi ki, maliyyə ombudsmanı özlüyündə maliyyə sektorunun bir yox, müxtəlif istiqamətlərini əhatə edə bilər: "Maliyyə ombudsmanına bank sektorundan tutmuş, sığortaya qədər məsələlər daxil olur. Sığorta ombudsmanı isə sığorta olunanların hüquqlarını qoruyan bir qurumdur. Söhbət məhkəməyə qədər olan bir dövrdən gedir. Ümumiyyətlə, ombudsman institutu insanların hüquqlarını qoruyur, pulsuz hüquqi yardım göstərir. Məsələlərin məhkəməyə qədər gedib çatmaması üçün çalışır.
Çünki məsələ məhkəməyə gedəndə bəzən sığorta şirkətləri pulla məhkəmənin qərarına təsir edə bilirlər. Amma ombudsman institutu müstəqil olduğu üçün qərarların ədalətli olması ehtimalı daha yüksəkdir. Həm də ombudsman institutunda xərc tələb olunmur. Məhkəməyə müraciət etmək üçün vəkil də tutmaq lazımdır. Mən daha çox maliyyə ombudsmanının yaradılmasına ehtiyac duyuram, nəinki ayrı-ayrı sahə ombudsmanlarının".
S.Əliyev sığorta şirkətlərindən məhkəməyə müraciət sayının elə də az olmadığını bildirdi: "Azərbaycanda banklarla müqayisədə sığorta çox zəifdir və əsasən icbari sığorta üzərində qurulub. Avtomobillər, evlər məcburi sığortalanır. Könüllü sığorta isə bizdə inkişaf etməyib. Bunun bir səbəbi əhalinin bu istiqamətdə məlumatının az olmasıdırsa, digər səbəbi sığorta şirkətlərinə olan inamsızlıqdır. Ona görə ki, insanlar sığorta etdirdikləri halda belə, sığorta şirkətlərindən pul ala bilmirlər. Bu da inamsızlığa gətirib çıxarıb. Kreditlər qədər olmasa da, sığorta şirkətlərini məhkəməyə verənlər də az deyil. Pul verib sığorta olunur, amma hadisə baş verəndə sığorta şirkəti müxtəlif bəhanələrlə pul verməkdən yayınır".
İqtisadçı ekspert Rəşad Həsənov da maliyyə ombudsmanının yaradılmasını daha məqsədəuyğun hesab edir: "Maliyyə ombudsmanı tərəflər arasındakı hər hansı anlaşılmazlıqların həllində dövlətin hüquq müdafiə qurumlarının yükünü müəyyən qədər azaldır, tərəflər arasında əlavə xərc itkisinin qarşısını alır. Kompromisin əldə olunmasında yaxşı vasitələrdən biridir. Bu baxımdan təklif edirik ki, ölkədə maliyyə ombudsmanı yaradılsın".
R.Həsənov deyir ki, sığorta sistemi ilə bağlı ombudsmanın yaradılmasının təşviq edilməsində əsas məqsəd böyük ehtimalla bu sferada ictimai inamsızlığın aradan qaldırılmasına çalışmaqdır: "Vətəndaşlar sığorta şirkətlərinin fəaliyyətinə bir çox hallarda inanmır. Məhz bu amilin özü də ölkədə sığorta sisteminin daha zəif inkişafına, sığorta yığımlarının həcminin az olmasına, bu sferanın əhatə dairəsinin kiçikliyinə səbəb olan amillər kimi qiymətləndirilir. Çünki mübahisəli məsələlər kifayət qədər çox olur. Bunlar mətbuat tərəfindən ictimailəşdirilir. Çünki biz informasiyanın ciddi şəkildə yayıldığı bir dövrdə yaşayırıq.
Bəzən sığorta şirkətləri əsassız bəhanələr gətirərək ödəniş etməkdən yayınırlar. Ona görə də sığorta şirkətlərinin fəaliyyətinə inam olmur. Ciddi mübahisələr ortaya çıxır. Bu mübahisələrin hər birinin həlli üçün problemi məhkəmələrə daşımaq, hüquqi yolla həll etmək bir çox hallarda tərəflərin maraqlarına cavab vermir. Xüsusilə də sığorta ödənişinin həcmi azdırsa, bu zaman digər əlavə xərclər, vaxt itkisi olduğu üçün vətəndaşlar məhkəməyə müraciət edərək sığorta haqqını tələb etməyə cəhd göstərmir. Belə olan hallarda da vətəndaşların hüquqları, haqlı tələbləri əslində sığorta şirkətləri tərəfindən qapanmış olur. Bu kimi halların qarşısının alınması, Azərbaycanın sığorta sisteminin fəaliyyətinin daha da şəffaflaşdırılması və anlaşılmazlıqların həll edilməsi məqsədilə maliyyə ombudsmanı yaradılmalı, məsələyə daha geniş aspketdən yanaşılmalıdır".
Eskpert onu da bildirdi ki, müxtəlif ölkələrdə maliyyə ombudsmanları fəaliyyət göstərir. Bu qurumların fəaliyyəti üçün əsas iş hüquqi bazanın formalaşdırılmasıdır: "Hüquqi baza olandan sonra digər texniki məsələləri həll etmək olar. Təxminən bir il müddətində bu işin təşkili ilə bağlı iş aparmaq olar. Maliyyə, sığorta, biznes ombudsmanının yaradılması çoxdandır müzakirə olunan məsələlərdir. Məsələ bu institutun formalaşmasına sərf olunacaq zamanın çoxluğu deyil, əsas bu istiqamətdə hər hansı fəaliyyətin olmamasıdır. Cəhd edilərsə, illərlə vaxt alan bir məsələ deyil".