Yəməndə hakimiyyət qüvvələri ilə husi qiyamçıları arasında 2015-ci ilin martından davam edən silahlı münaqişə nəticəsində 1 163 uşaq ölüb.
sabahinfo.Az "Report"a istinadən bildirir ki, bu barədə UNİSEF məlumat yayıb.
İnformasiyaya əsasən, 2015-ci ilin martından davam edən silahlı münaqişə nəticəsində 1 730 uşaq yaralanıb.
Xəbərdə bildirilib ki, 2016-cı ildə bu silahlı münaqişəyə uşaqların cəlb olunması 7 dəfə artaraq, min 200 uşaq təşkil edib. Uşaqlardan silahlı münaqişədə daha çox husi qiyamçıları istifadə edib.
Hesabatda vurğulanır ki, ötən ilki atışmalar nəticəsində 780 məktəbin qismən, yaxud tamamilə dağılması nəticəsində 350 min uşaq məktəbdən yayınıb.
UNİSEF-in məlumatında göstərilib ki, Yəməndə 10 milyona yaxın uşağın təcili humanitar yardıma ehtiyacı var.
BMT bildirib ki, 2015-ci ilin martından indiyədək davam edən atışmalar nəticəsində 10 mindən çox insan həlak olub.