Ölkəmizdə 2014-cü ildə qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən gənclərin dövlət idarəçiliyində fəal iştirakına geniş imkanlar yaradıb. Qanunun qəbulu gənclərin ictimai proseslərdə iştirakının hüquqi əsaslarını formalaşdırmaqla, onların sosial fəallığının və liderlik potensialının artmasına ciddi təkan verib.
Qanun əsasında dövlət və yerli idarəetmə orqanları yanında ictimai şuraların yaradılması gənclərin qərar qəbuletmə proseslərində iştirakını təmin edib. Hazırda bu şuralarda bir çox gənc ictimai fəallar, könüllülər və gənclər təşkilatlarının nümayəndələri qismən təmsil olunur. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi hazırda “Azəriqaz” İB yanında, buna qədər, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi yanında ictimai Şuralarda təmsil olunub.
Ölkə əhalisinin 23 faizini təşkil edən gənclərin ictimai iştirakçılıq faizi çox aşağıdır., xüsusən regionlarda gənclərin ictimai şuralarda iştirakı 2 faizə çatmır.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi bu istiqamətdə fəaliyyətlər icra etmək, gənclər arasında ictimai iştirakçılığı təşviq etmək niyyətindədir. Gənclərin cəmiyyətin sosial, iqtiadi, mədəni və siyasi həyatında, qərarların qəbulunda iştirakını artırmaq günün zərurətidir.