Türk Dövlətləri Təşkilatının güclənməsi yeni geosiyasi proseslərdə mühüm faktora çevrilib. Qlobal dünyada baş verən çəkişmələrin fonunda belə bir birliyin ortaq platformalarda təmsil olunması və qarşılıqlı razılaşması regional təhlükəsizlik baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə Görüşü zamanı bu məsələnin vacibliyini aşağıdakı fikirləri ilə bir daha gündəmə gətirdi: "Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir".
TDT və Azərbaycan faktoruna baxanda ölkəmizin bu birliyin lokomotivi və birləşdirici güc olduğunu görürük. Azərbaycan türkdilli dövlətlər arasındakı əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün hər zaman bu istiqamətdəki proseslərə öndərlik edir.
Qəbələ toplantısında Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının daha da güclənməsi yönündə bir sıra təkliflər önə sürdü ki, bura hərbi, hərbi, iqtisadi məsələlər daxildir. Azərbaycan və Türkiyə münasibətləri TDT üçün gözəl nümunə ola bilər. Bunun bariz nümunəsi kimi, təkcə son bir ildə Türkiyə ilə birgə 25-dən artıq hərbi təlim keçirilib. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atılır. "Dövlət başçısı İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu məqamı da xüsusi qeyd etdi ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi tam bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir".
Sonda onu qeyd edək ki, Zirvə Görüşündə səslənən fikirlər və təkliflər türk birliyinin iqtisadi, siyasi, mədəni, hərbi sahədəki fəaliyyət planı kimi də dəyərləndirmək olar.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı