Teymur Mirzəyev keçmiş ittifaq dövründə respublikamızda reallaşdırılan bir sıra mühüm infrastruktur layihələrinə uğurla rəhbərlik etmişdir
Sirr deyil ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi misilsiz nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən genişmiqyaslı tədbirlər dayanır. Ona görə də bu gün biz xalqımızın və dövlətimizin uğurları barədə danışarkən, Ümummilli liderin gərgin zəhmət, dərin biliklər, böyük təcrübə və geniş dünyagörüşü tələb edən çoxşaxəli fəaliyyətini mütləq şəkildə qeyd edirik. Onun hələ sovetlər dövründə respublikamıza rəhbərliyi Azərbaycanın bütün sahələrdə inqilabi nailiyyətlər əldə etməsi ilə müşayiət olunmuş, Azərbaycan ittifaq miqyasında geridə qalmış aqrar respublikadan sürətlə inkişaf edən sənaye ölkəsinə çevrilmişdir. Bu mənada həmin dövrdə reallaşdırılan mühüm infrastruktur layihələrinin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır.
O da məlumdur ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişafını şərtləndirən mühüm amillərdən biri də Onun uğurlu kadr siyasətidir. Bilirik ki, hər bir prosesin arxasında insan amili dayanır və ən yaxşı düşünülmüş tədbirlərin belə uğurla həyata keçirilməsi o sahədə çalışan kadrların bilik və bacarığından birbaşa asılıdır. Ona görə də Ulu öndər Heydər Əliyev həmişə kadr məsələlərinə xüsusi həssaslıqla yanaşmış, azərbaycanlı gənclərin bacarıqlı kadrlar kimi yetişməsi üçün lazımi bütün addımları atmışdır. O, hər bir sahəyə savadlı kadrları cəlb edərək, görülən işlərin daha uğurlu nəticələrlə müşayiət olunmasını təmin etmişdir.
Artıq qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-82-ci illər xalqımızın milli inkişaf tarixinə intibah dövrü kimi daxil olmuşdur. Çünki həmin dövrdə həyata keçirilən çoxşaxəli tədbirlər sayəsində Azərbaycan ciddi irəliləyiş əldə etmiş, iqtisadi göstəriciləri sürətlə yüksəlmiş, vətəndaşların sosial vəziyyəti xeyli yaxşılaşmışdır. Bu dövr respublikamızın infrastruktur şəbəkəsinin genişləndirilməsi baxımından da zəngin olmuş, yeni strateji layihələr həyata keçirilmişdir. Ulu öndər səriştəli bir rəhbər olaraq, bu işlərin əhəmiyyətini, o cümlədən, mürəkkəbliyini nəzərə alaraq, onların həyata keçirilməsinə təcrübəli kadrları cəlb etmişdir. Həmin dövrdə Ulu öndərin etimad göstərdiyi, mühüm layihələrin həyata keçirilməsinin həvalə olunduğu kadrlardan biri də Mirzəyev Teymur İsmayıl oğlu olmuşdur. O, həmin dövrdə reallaşdırılan bir sıra mühüm infrastruktur layihələrinə uğurla rəhbərlik etmişdir.
1970-ci ildə Ulu öndər Heydər Əliyev 1966-ci ildə Rostov şəhərində yerləşən Cənub neft-qaz kəmərinin çəkilməsi idarəsinin rəisi təyin olunaraq, keçmiş ittifaq miqyasında da bir sıra neft və qaz kəmərlərinin çəkilməsində iştirak edən T.Mirzəyevlə görüşmüş, ona Bakı şəhərinə su xəttinin çəkilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Söhbət Kür suyunun Abşeron yarımadasına gətirilməsi ilə bağlı tədbirlərdən gedir. Bu çox mürəkkəb, eyni zamanda gərgin zəhmət tələb edən işlər idi. Teymur Mirzəyev özü də 1970-ci illərdə "Sosialist Sumqayıt" qəzetinə verdiyi müsahibədə bildirir ki, Kür-Abşeron su kəmərinin çəkilməsi layihəsi həm çətin, həm də şərəfli və məsuliyyətli işdir.
O xatırlayırdı ki, rəhbərlik etdiyi kollektivin üzvləri kiçik Talış kəndi ilə Bakı arasında uzanan bəzi yerlərdə dərə və dağ keçidlərindən ibarət olan sahədə xeyli çətinliklərlə üzləşsələr də bütün bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıraraq, su kəmərinin 1-ci növbəsini istifadəyə verməyə nail olmuş, su təmizləmə qurğuları ilə ayrı- ayrı hissələri ilk sınaqdan müvəffəqiyyətlə keçmişdir.
Təbii ki, kollektivin bu çətin vəzifəni yerinə yetirməsi respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, Teymur Mirzəyev 1970-ci il 30 sentyabr tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti tərəfindən fədakar əməyi və Kür-Abşeron su kəmərinin 1-ci növbəsinin çəkilməsinin müvəffəqiyyətlə başa çatdırılmasına görə fərmanla təltif olunmuşdur.
Kür-Abşeron su kəmərinin çəkilməsi başa çatdıqdan sonra Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan neft-qaz, su kəmərləri borularının tikintisi idarəsinin Bakı şəhərində yerləşməsinə nail olunmuş və T.Mirzəyevi bu idarəyə rəhbər təyin etmişdir. İdarə Azərbaycanda fəaliyyətə başladığı gündən böyük layihələrdə, o cümlədən, Bakı-Batumi neft-qaz kəməri, Bakı-Yevlax-Xankəndi qaz kəməri, Bakı-İran-Naxçıvan qaz kəməri və digər layihələrdə iştirak etmişdir. 1970-1974-cü illərdə Heydər Əliyevin təşəbbüsü ilə Yevlax-Gorus-Naxçıvan magistral qaz boru kəmərləri çəkilmişdir. Bu kəmərin ərsəyə gəlməsində əsas məqsəd Naxçıvanı qazla təmin etmək olmuşdur.
Ümumiyyətlə, 1970-ci illər ərzində bu idarənin xüsusilə də Teymur Mirzəyevin Azərbaycanın bütün bölgələrində mavi yanacağın çəkilməsində rolu böyük olmuşdur. Eyni zamanda indiki Göygöl rayonu Gəncə şəhəri ətrafı boru kəməri vasitəsi ilə Kəlbəcərə qaz kəməri çəkilmişdir. 1976-ci ildə Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) şəhərində böyük layihələrdən biri "Kalmas" Yeraltı Qaz Anbarının tikintisi Teymur Mirzəyevin rəhbərliyi ilə tamamlanmışdır.
13.09.1976-ci ildə onun fəaliyyəti növbəti dəfə qiymətləndirilmiş və Ali Sovetin Rəyasət Heyəti tərəfindən 147 nömrəli fəxri fərmana layiq görülmüşdür. 1980-ci ilin sentyabr ayında isə T.Mirzəyev və onun rəhbərlik etdiyi idarə dövlət tərəfindən fəxri təşəkkürnamə ilə mükafatlandırılmışdır. O həmçinin 1980-ci ilin sentyabrında keçmiş ittifaqın "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
Beləliklə, həmin dövrü xatırlayarkən, o dövrdə həyata keçirilən tədbirləri yenidən nəzərdən keçirəndə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nə qədər nəhəng işlərin görüldüyü yenidən göz önündə canlanır. Bu layihələrin uğurla reallaşmasında isə Ümummilli liderin etimad göstərdiyi bacarıqlı kadrların da özünəməxsus rolu olmuşdur.




