XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasətinin ən böyük hadisələrindən biri nəhəng geosiyasi subyekt olan SSRİ-nin süquta uğraması oldu. Bundan sonra təkqütblü sistemə (idarəetmə mərkəzinə) əsaslanan yeni dünya nizamı meydana çıxdı. Qloballaşma prosesinin geniş vüsət aldığı ilk mərhələdə yeni dünya nizamı daha çox iqtisadi və hərbi amillər üzərində inkişaf etməyə və hegemonluq mübarizələri ön plana çıxmağa başladı.
Məhz belə bir situasiyada təkqütblü dünya nizamını əldə saxlamağa çalışaraq hegemonluğunu mühafizə etmək istəyən ABŞ yeni qlobal strategiya ilə meydana çıxdı. Sonrakı hadisələr göstərdi ki, xalqlara və millətlərə qarşı irticaçı mövqedən çıxış edən bu strategiya yalnız ABŞ-ın hegemonluğuna xidmət edir, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır. ABŞ-ın ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətlinə, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübut etdi ki, bu nəhəng güc mərkəzi “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özünün transmilli maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədir. Bu, bir faktdır ki, beynəlxalq hüquq normalarını monopoliyaya almağa çalışan Amerika Birləşmiş Ştatları özünün ekspansiya və işğallarına “demokratiya” adı altında bəraət qazandırmaqda və sözügedən məfhumlardan “qalxan” qismində istifadə edir.
Azərbaycan da uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib, ölkəmizdə bu və ya digər hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib. Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, bir sözlə ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Bunun əsas məqsədi də o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Lakin bu cəhdlər, çoxsaylı planlar baş tutmadı.
Bütün münaqişə dövründə ATƏT MQ-nin həmsədri kimi ABŞ heç bir iş görmədi, həmsədrlər turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu təşkilat və onun həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.
Danılmaz faktdır ki, rəsmi Vaşinqtonun bütün cəhdləri məsələnin konservasiyasına yönəlmişdi. ABŞ-ın Minsk Qrupunun həmsədri, həmçinin güc mərkəzi kimi mövqeyi çalışma görüntüsündən, 30 ilə yaxın dövrün hər ilinin başlanğıcında münaqişənin bu il həllini tapacagı kimi yalan vədlərindən uzağa getməyib. Həmsədr kimi fəaliyyətinin ana xəttini Ermənistanın davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susmaq, Ermənistanın törətdiyi bütün biabırçılıqları və özbaşınalıqları görməzliyə vurmaq təşkil etməyibmi?
44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır.
Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır.
Görünən odur ki, ABŞ-ın imperialist siyasəti dəyişməyib. Yoxsa, indiki mərhələdə davamlı sülh prosesinə öz potensialını ortaya qoymaq əvəzinə, gizli şəkildə Ermənistana himayədarlıq etməyə, yenidən münaqişə ocağı yaratmağa çalışmazdı. Hec bir şübhə qalmır ki, ABŞ müharibədən sonrakı dönəmdə sülh prosesinin diplomatik və qeyri-yollarla pozulmasına daha çox səfərbərdir; davamlı sülh onu az maraqlandırır. Vaşinqton daha çox erməni lobbisinin maraqlarını Cənubi Qafqaz regionuna daşımağa cəhd etməkdədir.
30 il passiv müşahidəçi, Minsk Qrupunun “ölü” həmsədri olan ABŞ bu gün belə mövqe nümayiş etdirmək, tələblər irəli sürmək üçün mənəvi haqqını çoxdan itirib. Bundan başqa, bu gün bütün dünya görür ki, ABŞ Suriya, Liviya, Əfqanıstanda iflasa uğrayıb. Belə bir dövlətin düşdüyü mənzərə onun bu tipli iddialarla çıxış etmək haqqını itirdiyini ortaya qoyur. ABŞ-ın bugünkü riyakar siyasətinin Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlükdür. Bu siyasət heç kimə xeyir gətirməyəcək. Azərbaycana öz ərazisində yaşayan erməni azlıqla reniteqrasiya prosesinə maneə yaradılır, Ermənistan isə “ikinci Ukrayna”ya çevrilir.
Zaman isə Azərbaycanın Qarabağ məsələsində düzgün mövqe secdiyini bir daha təsdiqləməkdədir.
Əminə Ağazadə
Millət vəkili