Tarixi Zəfərimizə sayılı günlər qalır. 28 il boyunca bu qələbəni gözlədik, münaqişənin dinc yolla həlli öhdəliyini üzərinə götürən beynəlxalq qurumlara inandıq. Lakin zaman keçdikcə yanıldığımızın şahidi olduq. Beynəlxalq münasibətlərdə kimlərinsə maraqlarının hüququ üstələməsi, böyük güclərdən bəzilərinin öz siyasi çıxarlarına uyğun tərzdə ikili standartlardan istifadə etməsi, hətta BMT qətnamələrinin icrasına seçmə üsulu ilə yanaşılması cəmiyyətimizdəki ictimai inama sarsıdıcı zərbə vurdu. Qanunun aliliyini və qanun qarşısında beynəlxalq subyektlərin bərabərliyini təmin etməli olan həmin güclər gözlərimiz önündə buna əməl etmədilər, açıq-aşkar ayrı-seçkiliyə yol verdilər. BMT-nin eyni mahiyyətli qətnamələri bəzi ölkələrin nümunəsində cəmi bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycana gəldikdə, bu mötəbər beynəlxalq təşkilatın məlum dörd qətnaməsi 27 il ərzində icra olunmadı. Ədalət və demokratiya carçılarından bir qismi əksər hallarda işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında ədalətsiz şəkildə bərabərlik işarəsi qoydular, etdikləri haqsızlığa uydurduqları fobiyalardan don geyindirməyə çalışdılar. Onlardan biri Qarabağdakı separatçı rejimə rəsmi qaydada maliyyə dəstəyi göstərdi, digəri Ermənistanı pulsuz silahlandıraraq ona müttəfiq və qardaş dedi, bir başqası isə ermənidən daha çox ermənilik edərək işğalçını sevimli bacısı kimi əzizlədi. Şübhəsiz ki, bütün bunlar kiçik Ermənistanı "dənizdən-dənizə” və "yeni ərazilər uğrunda yeni müharibə” kimi sərsəm xülyalara həvəsləndirməyə, "Qarabağ Ermənistandır” deməyə cəsarətləndirməyə bilməzdı. Hətta dünya güclərindən bəzisi erməni lobbi mərkəzlərinin təsiri və təzyiqi altında Bakı-Tbilisi-Qars dəmir yolunun maliyyələşdirilməsini və açılışını əngəlləməyə də çalışdılar. 28 il ərzində zaman-zaman üzləşdiyimiz bu cür ədalətsiz davranış nümunələri xalqımızın səbr kasasını daşırtmaya bilməzdi...
Qeyd etdiklərim reallıqda baş verən selektiv yanaşmanın heç də tam siyahısı deyil. Azərbaycan hakimiyyəti düşmən üzərində qələbəni təmin etmək üçün bu cür çətinlikləri də dəf etməli oldu. Tarixi qələbə naminə ölkəmizin iqtisadi müstəqilliyinin və güclü ordu quruculuğunun təmin olunması, vətənpərvər Azərbaycan gəncliyinin yetişdirilməsi ilə yanaşı, etibarlı müttəfiqlərin qazanılması da zəruri idi. Prezident İlham Əliyev 2011-ci ildə ölkəmizi 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına üzv etməklə, mübaliğəsiz, həmin strateji vəzifənin uğurlu həllinin təməlini qoydu. Dövlətimizin başçısı real addımları ilə qısa müddət ərzində sübut etdi ki, Azərbaycan sözü ilə əməli hər zaman üst-üstə düşən, etibarlı və səmimi tərəfdaşdır. Məhz buna görə 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün bu mötəbər quruma Sədr seçildi, daha sonra isə həmin müddət 2023-cü ilin sonunadək uzadıldı. Qoşulmama Hərəkatına üzvlüyümüz və təşkilat çərçivəsində ölkəmizin qazandığı siyasi nüfuz imkan verdi ki, Vətən müharibəsinin ən qızğın çağında üzləşdiyimiz növbəti haqsızlığın qarşısı alınsın. Həmin vaxt ikili standartların bəzi müəllifləri BMT-də ölkəmizə qarşı ədalətsiz qətnamənin qəbul olunmasına çalışsalar da, Hərəkata üzv olan dost ölkələrin dəstəyi sayəsində bu haqsızlığın qarşısı alındı.
Prezident İlham Əliyev oktyabrın 11-də, Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı göstərilən dəstəyi yüksək qiymətləndirdi və belə bir açıqlama verdi: "Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik”. Qoşulmama Hərəkatının təməl dəyərlərinin əsasında dayanan Bandunq prinsiplərinə görə, dövlətlərin ərazi bütövlüyünün zor yolu ilə dəyişdirilməsi qəbuledilməz hesab olunur. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi ali prinsiplər Hərəkata üzv olan ölkələrin ortaq dəyərləridir. Dövlətimizin başçısı məhz bu dəyərlərin milli maraqlarımıza tam şəkildə cavab verdiyini zamanında dəyərləndirdiyindən, Hərəkata üzvlüyümüzlə bağlı strateji qərar verdi. Bu qərar illər sonra ona xidmət edir ki, ölkəmiz dünya nizamını ciddi təhlükələrə sürükləyən ikili standartların və selektiv yanaşmanın qarşısında təklənməsin, haqsızlığa qarşı 120 dövlətin yekdil iradəsini səfərbər edə və mübarizənin önündə inamla dayana bilsin. Prezident İlham Əliyev çıxışında Hərəkat üzvlərinə və dünyanın qalan hissəsinə tarixi ədalətə söykənən belə bir mesaj da göndərdi : "Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb”. Prezidentimiz bu ali tədbirdə diqqəti həm də ona çəkdi ki, dünyada ayrı-seçkiliyə məruz qalan təkcə Azərbaycan deyil. Bəşəriyyət Covid-19 pandemiyası kimi böyük təhlükə ilə üz-üzə qaldığı bir şəraitdə, peyvənd dozalarının 75 faizi 10 zəngin dövlət tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmənin səviyyəsi heç 2 faizə çatmır. Prezident İlham Əliyev növbəti dəfə bu cür ədalətsizliyə etiraz edərək dünya birliyini həmrəyliyə səslədi: "Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının çari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq”...
Ölkəmiz son 30 ildə dəfələrlə ədalətsizliklə üzləşib, haqsızlığa məruz qalıb. Bu illər ərzində ikili standartlar və ayrı-seçkilik faktları xalqımızın dünya güclərinin ədalətinə bəslədiyi güvəncinə zərbə vursa da, bəşəri dəyərlərə inamını sarsıda bilməyib. Aristotelin belə bir müdrik kəlamı var: "Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir”. Təəssüf ki, ölkəmizin üzləşdiyi ədalətsizliklər də elə qanun pərdəsi altıda törədilib və bunu edənlər sıradan biriləri deyil, həmin qanunları yazan dünyanın bəzi gücləridir. Lakin onlar da xalqımızın bəşəri dəyərlərə inamını sarsıda, milli,mədəni və dini dəyərlərimizə tarixi bağlılığınakölgə sala bilməyib. Viktor Hüqonun dahiyanə kəlamlarından birində belə deyilir: ” Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur: əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir”. Ermənistana və onun açıq-gizlin olan havadarlarına qarşı apardığımız mübarizədə haqq da, tarixi ədalət də, beynəlxalq hüquq da Azərbaycanın tərəfində oldu və xalqımız məhz haqq savaşında Zəfər çaldı. Prezident İlham Əliyev ən nüfuzlu beynəlxalq tribunalardan ədalətsizliyə və ayrı-seçkiliyə qətiyyətlə etiraz edərkən bilir ki, yenə də haqqın yanındadır və onun bu mübarizəsi xalqımızın iradəsinə, tarixi ədalətə, beynəlxalq hüquqa söykənir. Dövlətimizin başçısı milli maraqlarımız naminə apardığı bu savaşda həm də buna görə güclüdür! Haqqın yanında olanlar və haqqa xidmət edənlər sonda mütləq qalib gəlirlər. Bunu hər kəs, o cümlədən, ortaq dəyərlərimizi bölüşən qonşularımız da indidən bilməlidir.
Ülvi Quliyev
Milli Məclisin deputatı