Türkiyədə Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd ediblər.
Ədliyyə Nazirliyi Cəza və İstintaq Təcridxanaları Baş İdarəsi (CTE) zəlzələdən sonra Hatay T Tipi Qapalı Cəzaçəkmə Müəssisəsində qaçmağa cəhdlə bağlı açıqlama verib.
Mətbuata verilən açıqlamada məhkum və saxlanılanların bəzilərinin yanğın törədərək qaçmağa cəhd etdiyi, lakin qanunvericilik çərçivəsində lazımi tədbirlərin görüldüyü bildirilib. Qeyd edilib ki, baş verən hadisə zamanı məhkum və saxlanılanlardan 12 nəfər yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan 3-ü həyatını itirib.
“Bəzi mətbuat və sosial media platformalarında Hatay T Tipi Qapalı Cəzaçəkmə Müəssisəsi ilə bağlı yayılan iddialar barədə mətbuat açıqlamasına ehtiyac duyuldu. Cəzaçəkmə müəssisəsində olan bəzi məhkum və saxlanılanların qaçmağa cəhd göstərməsi və daha sonra yanğın törətməsi səbəbi ilə əməliyyat keçirilib. Cəzaçəkmə müəssisəsində saxlanılan və məhkum olunmuş şəxslərin qaçmasının qarşısının alınması, yanğının söndürülməsi və təhlükəsizliyin təmin edilməsi üçün qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb. Nəticədə qaçış cəhdinin qarşısı alınıb, yanğın söndürülüb, məhbusların və saxlanılanların təhlükəsizliyi təmin edilib. Hadisə zamanı 12 nəfər yaralanıb, xəstəxanaya sövq edilən yaralılardan 3-ü dünyasını dəyişib. Ədliyyə nazirimiz tərəfindən hadisənin araşdırılması üçün Ədliyyə Nazirliyinin müfəttişləri, həmçinin Cəza və İstintaq Təcridxanaları Baş İdarəsinin nəzarətçilərinə göstəriş verilib, məhkəmə və inzibati istintaq prosedurlarına başlanılıb. Cəzaçəkmə müəssisəsində qadın məhbus və saxlanılanlara qarşı təcavüz iddiaları və digər əsassız ittihamlar tamamilə həqiqətəuyğun deyil. Qeyd olunan hadisələr nəticəsində cəzaçəkmə müəssisəsi istifadəyə yararsız hala düşdüyü üçün məhkum və saxlanılanlar digər cəzaçəkmə müəssisələrinə köçürülüblər”, - deyə açıqlamada qeyd edilib.