“Heç kim Azərbaycanı haqlı mövqeyindən bir addım belə olsun geri çəkilməyə, milli maraqlarına zidd olan hansısa addım atmağa vadar edə bilməz”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib. Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 21 sentyabr tarixində Laçın rayonuna səfəri əsnasında səsləndirdiyi fikirlər bir daha dövlətimizin qətiyyətini göstərir:
“Cənab Prezidendin Laçın səfəsi əsnasında səsləndirdiyi fikirlər, verdiyi bəyanatlar Azərbaycanın öz milli maraqlarını qətiyyətlə müdafiə etdiyini, bu məsələdə kimsəyə güzəştə getmək niyyətində olmadığını göstərdi. Prezidentimiz bir daha vurğuladı ki, 2020-ci ilin 10 noyabr tarixli kapitulyasiya aktının tələblərini yerinə yetirmək istəməyən Ermənistan, bununla vaxtı uzatmağa, regionda sülhü və sabitliyi əngəlləməyə çalışır.
Prezident Ermənistanın 13 sentyabr təxribatına da diqqət çəkdi və Azərbaycanın bu kimi təxribatlar qarşısında geri çəkilməyəcəyini, Ordumuzun bundan sonra da düşmənə layiqli cavab verəcəyini bildirdi.
Dövlət başçısının çıxışında diqqət çəkən ən başlıca məqamlarda biri Azərbaycanın məqsəd və hədəflərinin, regionun bugünü və gələcəyi ilə bağlı siyasətinin açıq şəkildə ortaya qoyulması oldu. Zəngəzur dəhlizinin açılmasının vacibliyinə toxunan Prezident İlham Əliyev, heç bir zəngin, bəyanat və ya təxribatın dövlətimizin mövqeyinə təsir göstərməyəcəyini bildirdi.
Təbii ki, bu mövqe hər şeydən öncə dövlətimizin prinsipiallığından, onun yürütdüyü müstəqil siyasətdən, öz gücünə olan inamından xəbər verir.
Hesab edirəm ki, sadəcə Ermənistan deyil, erməniləri himayə edən bütün qüvvələr Prezident İlham Əliyevin bu mesajlarından nəticə çıxarmalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycanla təhdid və ya təxribat dili ilə danışanların aqibəti hər zaman faciəvi olub və bu yolu tutanları bundan sonra da eyni sonluq gözləyir”.