“Dövlət başçısı İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər etdi. Hər bir səfər Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərə və müzakirə edilən məsələlərə diqqət yetirsək bunu aydın şəkildə görərik. Cənab İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bir daha Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatıldılar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Hazırda əsas məqsədlərdən biri BRICS-in tərkibini genişləndirməklə beynəlxalq nüfuzunu artırmaqdır. 30-a yaxın ölkə quruma üzv olmaq istəyini bildirib ki, onlardan biri də Azərbaycandır. Ölkəmizin iqtisadi müstəqilliyi, həmçinin siyasi nüfuzunun günbəgün artması, xarici siyasətində öndə saxladığı prinsiplər bu istəyinin reallığa çevrilməsində əhəmiyyətli rol oynayacaq. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpa olunmasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu diqqətdən kənarda qalmır. Bunu qarşılıqlı səfərlərin dinamikası ilə yanaşı, dövlətimizin başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlər də təsdiqləyir. Azərbaycanın bu və ya digər məsələlərlə bağlı mövqeyinə verilən böyük önəm sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan çoxtərəfli diplomatiyanı həyata keçirir: “Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindəndir. Öncə regional çərçivədə əlaqələrin qurulmasına xüsusi önəm verən Azərbaycan sonrakı dövrlərdə münasibətlərin daha geniş coğrafiyanı əhatə etməsinə səy göstərdi. Cənab İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.
Malik Həsənov onu da əlavə edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu iqtisadi imkanlar siyasi mövqeyinin daha da möhkəmlənməsində öz sözünü deyir: “Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu göz qabağındadır. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi davamlı uğurlarında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır ki, bu istiqamətdə də ölkəmizin malik olduğu potensial, əlaqələrin qurulması istiqamətində atdığı addımlar təqdir edilir. Hər bir çağırış yeni əməkdaşlıq formatının yaradılmasına, yeni körpülərin qurulmasına yol açır”.
Deputat vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir: “Dövlətimizin başçısı İlham Əliyevin sözügedən sammitdə qeyd etdiyi kimi, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri ərazimizdən keçir.
Azərbaycan yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə daim xüsusi diqqət göstərir. Ölkəmizin bu sahədə qazandığı uğurlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərində də yol-nəqliyyat infrastrukturunun yenilənməsi əsas hədəflər sırasındadır. Üç Beynəlxalq Hava Limanının bu ərazilərdə tikilməsi özündə mühüm məqamları ehtiva edir. Azərbaycan beynəlxalq təcrübəyə əsaslanaraq tranzit ölkə kimi öz imkanlarını təqdim edir. Bu, ölkəmizə həm həm iqtisadi, həm də siyasi dividendlər qazandırır”.
Malik Həsənov Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrdən, beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlarından geniş bəhs edərək gələn ay ölkəmizdə keçiriləcək COP29-u bunun bariz nümunəsi kimi qeyd edib: “COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir. Ölkəmiz istər iqlim dəyişikliyi ilə bağlı, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərir. Azərbaycanı dünyanın diqqətində saxlayan COP29 Azərbaycanla yanaşı, iştirakçı ölkələrin də malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayacaq. Bu isə öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirəcək”.