Hər iki valideynini itirmiş Xocalı şahidi ilə MÜSAHİBƏ

Murad Hüseynov: "Anamın faciədən sonra 19 il ərzində əsirlikdə olduğunu guman etmişik"

Azərbaycan daha bir faciənin, başına gətirilən müsibətin ildönümü ərəfəsindədir. Söhbət 1992-ci il, 26 fevral tarixində ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan  gedir. 29 il əvvəl həyata keçirilən bu soyqırım zamanı yüzlərlə Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirildi, bir o qədər insan ağır xəsarətlər aldı. Erməni vəhşiliyi nəticəsində 8 ailə erməni vəhşiliyinin qurbanı olaraq tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı soyqırımı zamanı hər iki valideynini itirənlərdən biri də Murad Hüseynovdur. Onunla müsahibədə 29 il əvvəl yaşadıqları dəhşət dolu günlərə nəzər saldıq.

-Murad bəy, bu günlərdə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın 29-cu ildönümü qeyd edilir. Səhv etmirəmsə Sizin ailəniz, yaxınlarınız da Xocalı dəhşətlərini yaşayıb və həmin faciə zamanı hər iki valideyninizi itirmisiniz. Həmin hadisələri necə xatırlayırsınız?

--26.02.2021-ci il tarixdə Xocalı Soyqrımının 29-cu ildönümünü dərin hüznlə qeyd edəcəyik. Bildirirəm ki, mən, Hüseynov Murad 1992-ci ildə məlum Xocalı faciəsi zamanı  hər iki valideynimlə yanaşı babalarım, nənələrim, əmim, xalam, xalamın azyaşlı uşaqları, bibim, xalam oğlu və digər əzizlərim olmaqla ümumilikdə 49 nəfər yaxın qohumlarımı itirmişəm və onlar düşmən gülləsinə tuş gələrək şəhid olublar.

Atam, "Mixaylo" ləqəbli Hüseynov Tofiq Mirsiyab oğlu "Qisasçı" Xocalı özünümüdafiə taborunun komandiri olaraq  torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edib.  Faciə zamanı Xocalının dinc sakinlərinin 4-5 dəfə təhlükəsiz əraziyə çıxarılmasını təmin edib, sonda əsir düşmüş soydaşlarmızı xilas etmək məqsədilə  düşmənin diqqətini öz üzərinə çəkib, son gülləsinə qədər döyüşüb. Gülləsi bitdikdə isə özü mühasirəyə düşərkən düşmənin, təslim ol, çağrışına baxmayaraq əsir düşməmək üçün sonuncu əl qumbarasını partladaraq özünü şəhid, 10-a yaxın düşməni isə məhv etməklə  əsir düşmüş dinc sakinləri xilas edib.  Göstərdiyi xidmətlər nəzərə alınaraq atam ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb və Ümummilli Lider Heydər Əliyev tərəfindən qızıl medalla təltif olunub. Atam Bakı şəhərində "Şəhidlər xiyabanında" dəfn olunub.

-Xocalı soyqırımı zamanı Sizin qohumlardan neçə nəfər erməni vəhşiliyinin qurbanı oldu?

-Qeyd etdiyim kimi Xocalı soyqırımı zamanı 49 nəfər yaxın qohumumu itirmişəm və onlar erməni vəhşiliyinin qurbanına çevrilib.

-Səhv etmirəmsə bir müddət yaxınlarınızın, hətta ananızın sağ və ya ölməsi barədə məlumatsız olmusunuz. Yalnız şəkillərdən müəyyən etmisiniz həlak olmalarını. Həmin anları necə xatırlayırsınız, həmin şəkilləri görərkən hansı hissləri yaşadınız?

-Bəli, tamamilə doğru deyirsiniz. Anam Hüseynova Məxmər Qurban qızının faciədən sonra 19 il ərzində əsirlikdə olduğunu guman etmişik. Lakin,  rus jurnalistinin təqdim etdiyi fotoda anamın, xalam və iki azyaşlı övladının cəsədlərini gördük və bu hadisəyə kədərlənməklə yanaşı həm də sevindim ki, anam və xalam əsirlik əzabı çəkmirlər.

-Murad bəy, Xocalı soyqırımını öz ətrafında, qohumlarında hiss etmiş, yaşamış biri kimi bu illər ərzində bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı addımlar atmısınız?

-Məlumat üçün qeyd edim ki, ötən illər ərzində Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya Ədalət" kompaniyası çərçivəsində bir neçə dəfə respublika daxilində və respublikamızın hüdudlarından kənarda Xocalı həqiqətləri barədə tədbirlərdə iştirak edərək Xocalı Soyqrımı barədə ictimaiyyətə məlumat vermişəm.                           

-Ümumiyyətlə, Xocalı soyqırımını dünya tam olaraq niyə tanımaq istəmir? Nə üçün 20-ci əsrin insanlıq faciəsinə biganə yanaşılır?

-Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Təbii ki, bu çətin bir prosesdir. Bunu qısa müddət ərzində bütün dünyaya yaymağın özü belə həm çətin, mürəkkəb işdir, həm də bildiyiniz kimi bizim əleyhdarlarımız var. Buna baxmayaraq Azərbaycan xalqı öz haqqını tələb edir və dünyanı bu məsələyə cəlb etməkdə haqlıdır. Bu tək Azərbaycan xalqının haqqı demək deyil, həm də sülhsevər bəşəriyyətin haqqı və eyni zamanda vəzifəsidir ki, dünyada Xocalı soyqrımı kimi soyqırımlar bir daha təkrar olunmasın. Vətəndaşları, insanları milli, dini mənsubiyyətinə, irqlərinə görə qətl etməsinlər. Məhz buna görə dünyanın Xocalı soyqrınına qiymət verməsi lazımdır. Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması lazımdır. Çox təəsüflər olsunki bəzi dünya ölkələri Xocalı soyqrımına hələki lal, kar və kor olaraq qalırlar. Azərbaycan dövlətinin qanunları və Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasət, onun qəbul etdiyi qərarlar bizim üçün ən ali olanıdır. Düşünürəm ki, Xocalıda dinc əhalinin qırğınına səbəb olmuş, bu əməllərin törədilməsində iştirak etmiş, eləcə də onlarla əlbir olan, onlara kömək və havadarlıq edənlər hər biri fərdi qaydada ədalət məhkəməsinə çıxarılacaqlar. Azərbaycan xalqı tarix boyunca müxtəlif qələbələrə və uğurlara imza atıbdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və daha sonra Prezidentimiz İlham Əliyevin dövründə həm maddi-texniki bazası möhkəmləndirilmiş, həm də peşəkarlığı artırılmış müzəffər Azərbaycan Ordusu 2021 ci ilin sentyabr ayının 27-dən başlayaraq 44 günlük Vətən müharibəsində işğal olunmuş Azərbaycan torpaqlarını, Qarabağımızı böyük bir şücaətlə düşməndən azad etdi. Azərbaycan Ordusu Azərbaycanın zəfər tarixini xalqımızın yaddaşına şanlı hərflərlə yazdı. Müharibə heç vaxt itkisiz, şəhidsiz olmur. İgid Azərbaycan oğulları Vətən uğrunda canlarını qurban verir, şəhidlik zirvəsinə ucalır.

-Xocalı soyqırımın 29-cu ildönümündə deyə bilərikmi ki, Vətən müharibəsində qələbəmiz Xocalı qurbanlarının da ruhunu şad edib?

- Vətən müharibəsində həlak olmuş bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onların hər birinə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin uzun illər boyunca Xocalıda narahat gəzən ruhları artıq şaddır.

Süleyman İsmayılbəyli

olaylar.az