Hər şey gözəldir BACIM

Hər şey gözəldir bacım,

Xalqın səntək qızı var.

Səmanın Höküməsi,

Ayı var, ulduzu var.

 

İndi sevinəcəyik, 

Ulduzlar sayrışanda.

Xalqın genetik kodu,

Səmada danışanda.

 

Yaxşıdan da yaxşıdır,

Yaşamaq səmalarda.

İnsan ümidlərini,

Oxşamaq səmalarda. 

 

O ahəngdar səsinlə,  

Sən nə ümdə danışdın.

Hamı yerdə danışır, 

Sənsə göydə danışdın,

 

Bir harmoniya qatdın,

Ümidlərə, sözlərə.

İnsan daim baş əyib, 

Göydən gələn səslərə.

 

Yaşamdır bu dediyin, 

İnsanlığın andı bu.

Təyyarədən də böyük,  

Sənin ixtirandı bu.

 

Ölümün xarakteri, 

Səssiz-səmirsiz olur.

Yaxşılığa inanan, 

İnsan ölümsüz olur.

 

Yerdə olan yaşamlar,

Baş əydilər iblisə.

Bəlkə Tanrı sözünü,

Göydən çatdırır bizə?

 

Hər şey gözəldir bacım,

Xalqın səntək qızı var.

Səmanın Höküməsi, 

Ayı var, ulduzu var.

 

Müəllif Ceyhun Ağabəy