"Müharibə şəraitində olan bir ölkədə hər bir gənc əyninə hərbi forma geyinməyi, əlinə silah götürüb düşmən qarşısına çıxmağı özünə şərəf bilməlidir. Bu məqsədlə cəmiyyətdə vətənpərvərlik ideyalarının təbliğinə geniş meydan verilməlidir. Çox təəssüf ki, ölkəmizdə televiziya kanallarının, medianın, internet saytlarının bolluğuna baxmayaraq, hələ də bu sahədə vəziyyət tələb olunan səviyyədə deyil. Gənclərə vətənpərvərlik hissləri yetərincə təbliğ olunmur, onlara yüksək mənəvi dəyərlərimiz lazımınca aşılanmır".
Bunu Azərbaycan Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Azərbaycan Ordusu” qəzetinə müsahibəsində bildirib. Hərbi prokurorun sözlərinə görə, ötən ilin avqust ayında müdafiənin ön xəttində düşmənin törətdiyi təxribatla bağlı bəzi mətbu orqanlar, saytlar məsələyə düzgün münasibət göstərmədi və cəmiyyətdə ajiotaj yaratmağa xidmət edən məlumatlarla çıxış etdilər: "Belə hallar yolverilməzdir. Hərbi mövzuda məlumat yayan hər bir jurnalist, yaxud KİV hər şeydən öncə məxfiliyə ciddi fikir verməli, dövlətin və xalqın milli maraqlarını hər şeydən üstün tutmalıdır. Ən azı, müharibə dövrünün qayda-qanunlarına riayət etməli, yaymağa hazırlaşdığı məlumatı dövlət qurumları ilə razılaşdıraraq, onların tövsiyələrini nəzərə alaraq dərc etməlidir. Həmin mətbu orqanlar yoxlanılmamış, qeyri-dəqiq məlumatları yayarkən, Vətən, xalq qarşısında daşıdıqları məsuliyyəti anlamalıdırlar". X.Vəliyev həmçinin qeyd edib ki, mətbuat öz gücündən istifadə edərək hərbi vətənpərvərlik hisslərinin təbliğinə geniş yer ayırmalıdır. Onun fikrincə, ərazilərimizin 20 faizinin işğalda qaldığı və bir milyona yaxın vətəndaşımızın yurd-yuvalarından, ata-baba ocaqlarından didərgin salındığı bir zamanda hər bir jurnalist, qələm əhli öz millətinin taleyinə və ağrı-acılarına biganə qalmamalıdır: "Mən təəssüflə qeyd etmək istərdim ki, cəmiyyətdə öz rolunu lazımınca dərk etməyən mətbuat orqanlarına da rast gəlirik. Yaxşı olardı ki, mətbuat nümayəndələri və ziyalılarımız tez-tez hərbi hissələrimizə getsinlər, ön xətdə xidmət edən əsgərlərimizi ziyarət edib cəsarət və şücaətlərini görsünlər, onların igidliklərindən yazsınlar. Düşmənlə təmas bölgəsində Vətənə övlad borcunu sədaqətlə yerinə yetirən gənclərimizin qəhrəmanlıq nümunələrini təbliğ etsinlər”.