"Azərbaycan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox ölkələrə nümunədir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatı Prezidentin təşəbbüsü ilə istər parlamentlərarası məsələlərdə, istərsə də qadınlarla bağlı mövzularda önəmli yanaşma ortaya qoyur: "Bunlar göstərir ki, Azərbaycan bu təşkilata çox yaxşı liderlik edir. Bu gün dünyada ən vacib problemlərdən biri qadınların, uşaqlarının hüquqlarının müdafiəsidir. Belə bir tədbirin keçirilməsi imkan yaradır ki, gələcək üçün bir çox istiqamətlərdə vahid sistem yaransın, məlumatların toplanması istiqamətində önəmli işlər görülsün. Azərbaycan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox ölkələrə nümunədir, çünki bizdə bunu qanun dəstəkləyir. Ona görə də bu toplantının əhəmiyyəti böyükdür, gələcək üçün töhfəsi var, burada vacib sənədlər qəbul olunacaq".