Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Laçında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.
Sabahinfo.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi səfərə 33 ölkədən nümayəndələr - 60 diplomat və onların ailə üzvləri, eləcə də hərbi attaşelər qatılıblar.
Səfər zamanı Laçın şəhəri 1 Dekabr küçəsində inşa edilmiş ilk yaşayış məhəlləsinə baxış keçirilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 binada bərpa işləri aparılır. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Bundan başqa, 71 inzibati bina yenidən qurulur.