Azərbaycanın Ağdam rayonunda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regiona sülh, sabitlik və inkişaf vəd edir. Bu mərkəzin daha səmərəli nəticələr verməsi üçün əldə olunan informasiyaların düzgün dəyərləndirilməsi və neqativ halların aradan qaldırılması mexanizmi yaradılmalıdır.
Sabahinfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AzərTAc-a açıqlamasında söyləyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandığını diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “Yenilməz Azərbaycan Ordusu cəbhədə rəşadətli qələbə qazandığı kimi siyasi müstəvidə və diplomatik danışıqlarda ardıcıl uğurların əldə olunması ümumiləşmiş qaydada Azərbaycan dövlətinin tükənməz gücünün göstəricisidir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması qazanılmış ümumi qələbənin daha bir nümunəsidir. Mərkəzin daha səmərəli nəticələr əldə etməsi üçün bir neçə formula müəyyən etmək olar. Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan müdafiə nazirlərinin müavinlərindən ibarət işçi qrupu yaratmaqla mərkəzdə əldə olunan informasiyalar əsasında vəziyyəti nəzarətdə saxlamaq bütün tərəflərin maraqlarını təmin edə bilər. Normal məntiqlə sülh, sabitlik və inkişaf dünyanın bütün sülhsevər qüvvələrinin arzu və istəyidir. Azərbaycan öz ərazisində bütün xalqlara bu formatda birgə yaşayış şansı verir. Belə olan halda bütün tərəflər ədalətli və reallığı əks etdirən mövqe sərgiləməyə borcludur”.