Humanizm, insanların problemlərinə həssas münasibət

Cəmiyyətin müxtəlif sahələrində nəzərəçarpacaq nailiyyətləri, təmiz imici olan, yüksək bilik və bacarıqlara, idarəetmə və menecer təfəkkürünə malik gənc kadrlara dəstək olması, onların islahatlar prosesində fəal iştiraka cəlb edilməsi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində səmərəli fəaliyyətini səciyyələndirən mühüm məqamlardandır. Müsahibələrinin birində Birinci vitse-prezident idarəetməyə islahatçı baxışını özünəməxsus şəkildə ifadə edərək rəhbər şəxsə xas vacib keyfiyyətləri belə səciyyələndirib: "Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görür, hər şeyi anlayırlar".

Cəmiyyətin aztəminatlı təbəqələri ilə apardığı fəal iş, onların problemlərinin həlli istiqamətində atdığı ardıcıl addımlar Birinci vitse-prezidentin fəaliyyətinin humanist və insanpərvər mahiyyətini təsdiqləyib. Bu statusda dövlətin sosial və humanitar siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak etməklə yanaşı, situasiyaların idarə olunması prosesinə də mühüm töhfələr verib. Ali dövlət vəzifəsi Mehriban xanım Əliyevanın ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini beynəlxalq arenada lazımınca təmsil etmək imkanlarını genişləndirib. Müasir yanaşma tərzi, yeniliklərə açıq olması, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəldib. 

Birinci vitse-prezidentin yaxından iştirakı ilə idarəetmənin müasir və operativ əsaslarla aparılması, vətəndaş amilini önə çəkən idarəetmənin təmini qarşıya qoyulan vəzifələrin çevik icrasını təmin edib. Bu təyinatın özünü doğrultması və rəğbətlə qarşılanması həm də onunla şərtlənir ki, Mehriban xanım Əliyeva fəaliyyətində insan amilini hər zaman önə çəkib, cəmiyyətin mövcud potensialının bu yöndə səfərbər olunmasına çalışıb. 

2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanmasında, xüsusən də 2019-cu ilin əvvəlindən etibarən əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsində, koronavirus pandemiyası ilə səmərəli mübarizədə Prezident İlham Əliyev ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd olunmalıdır. 

İstər Birinci vitse-prezident, istər Heydər Əliyev Fondunun prezidenti və digər sahələrdəki fəaliyyəti göstərir ki, Mehriban xanım Əliyeva dövlətə və dövlətçiliyə son dərəcə bağlı və sadiq insandır. Dövlətçilik idealları onun üçün müqəddəs dəyərlərdir. Təsadüfi deyil ki, xanım Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası, xüsusilə  milli dövlətçilik yolunda xidmətləri olan insanların, gənclərin əməyini hər zaman qiymətləndirir, onları, sözün əsl mənasında, qoruyur, fəaliyyətlərinə dəstək verir, yüksək vəzifələrə irəli çəkir. Biz bugünkü həyatımızda bunun əyani şahidləriyik. Xalqımızın Mehriban Əliyevaya olan yüksək ehtiramının səbəblərindən biri də budur.

Humanizmi, insanların problemlərinə həssas münasibəti, nəcibliyi və qayğıkeşliyi ilə xanım Mehriban Əliyeva həm də bir əsl vətəndaş nümunəsi ortaya qoyur. Məhz bunlar Mehriban xanım Əliyevanı cəmiyyətin nümunəvi vətəndaş idealına çevirib. Təlqin etdiyi bu mənəvi dəyərlər, eyni zamanda dünyada sülhə və mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr Mehriban xanım Əliyevaya beynəlxalq aləmdə də böyük nüfuz qazandırıb. Odur ki, biz xanım Mehriban Əliyevanın dünyanın sülh və insanlıq adına ən böyük beynəlxalq mükafatlarının da laureatı olacağına ürəkdən inanırıq.

Ötən illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda təşkil olunan yüksəksəviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi və s. ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil edib. Xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyevanın 2012-ci ildə "Avroviziya" Beynəlxalq Musiqi Yarışmasının, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2016-cı ildən etibarən "Formula-1" yarışlarının təşkili istiqamətində nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Azərbaycan Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirib. Bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi idi. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu il noyabr ayında ölkəmizdə keçiriləcək daha bir dünya miqyaslı tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkili prosesinə sanballı töhfələrini verir. 

Arzu Həziyeva