İcra başçısı ərazidə sakinlərlə görüşdü - Foto

Yasamal rayonunda sakinlər üçün dekabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.

Sabahinfo.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü 21 nömrəli tam orta məktəbin akt zalında baş tutub və iki saata yaxın davam edib.

Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.

Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.

Sakinlər mənzil növbəsi, QHT-lərin ofislə təmin edilməsi, Sovetski sakinlərinə ayrılan kompensasiya məbləği, səki infrastrukturunun təkmilləşdirilməsi, mənzillərdə qaz sayğacının quraşdırılması, M. Seyidov küçəsindəki yanğın qurbanlarına maddi yardım, kanalizasiya xəttlərinin vəziyyəti, qurumuş ağacların budanması, qanunsuz tikinti ilə mübarizə, səyyar ticarətin tənzimlənməsi, tikinti şirkətləri ilə sakinlər arasında mübahisələr və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.

İcra başçısı 2 saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.