“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai birliyi yeni layihəyə strat verdi

“İctimai İştirakçılığın Dəstəklənməsi ” İctimai Birliyi “Alternativ enerjiyə keçidin ekoloji, iqtisadi, qlobal istiləşməyə qarşı faydalarının təbliği “ adlı layihəyə start verib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi  hökumətin “Yaşıl Enerji ” siyasətini, bu sahənin faydalılığını təşviq və təbliğ etməkdir. Əsas hədəf qrupu yerli sahibkarlar olacaq. 

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi sahəsində  bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində prioritetdir. Həmçinin təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər və s. kimi amillər alternativ enerji mənbələrinin axtarılması zərurətini meydana çıxarıb. Respublikamızın təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, günəş, torpaq, külək, su, biokütlə təbii enerjiyaratma potensialı baxımından zəngindir və bu, ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ və bərpaolunan enerji mənbələrindən düzgün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır. “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Azərbaycanda ildə təqribən 270 küləkli və 300 günəşli günün olmasını nəzərə alsaq, demək olar bu regionda günəş və külək energetikasının inkişafı daha perspektivlidir. Bunun üçün “Yaşıl Enerji” layihəsi barədə vətəndaşların daha çox maarifləndirilməsinə ehtiyacı var ki, bu prosessə qoşulmağın vacibliyni dərk etsinlər. 

Layihə çərçivəsində şimal bölgəsini ahatə edən Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarında  fərdi səhibkarlar, şirkət və vətəndaşlar  arasında mövzu ilə bağlı maarifləndirici təlimlər keçiriləcək. Hər bir rayonda azı 20 nəfərlik təlimlər təşkil olunacaq. Ekspertlər tərəfindən iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq. Layihə 3 ay ərzində həyata keçirləcək.