İğdır-Naxçıvan qaz kəməri - Türkiyə və Azərbaycan arasında daha bir vacib əməkdaşlığın başlanğıcı

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qarşılıqlı ehtiram və müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və energetika sahələrində əməkdaşlığa əsaslanan dərin tarixi və mədəni kökləri var. Azərbaycan - Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. Bu əlaqələr bir sıra vacib strateji layihələrin hesabına yeni səviyyəyə yüksəlib. Belə layihələrdən biri də İğdır-Naxçıvan qaz kəməridir.

5 mart 2025-ci il Azərbaycan və Türkiyə prezidentlərinin iki ölkəni birləşdirən növbəti qaz kəmərini istifadəyə verməsi əlamətdar hadisə kimi tarixə düşdü.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, İğdır-Naxçıvan qaz xəttinin açılışı Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün kimi yadda qaldı. Ölkə başçısı, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İğdır-Naxçıvan qaz xəttinin Naxçıvanda təməlinin qoyulmasını xatırlatdı: "Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür - İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik".

Azərbaycanın ayrılmaz hissəsi, bir əsrdən artıq müddətdir ölkənin əsas ərazisi ilə quru bağlantısı olmayan Naxçıvanın enerji təminatında əhəmiyyətli rol oynayan İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildi. Naxçıvanın enerji müstəqilliyini təmin edəcək İğdır-Naxçıvan qaz kəmərinin tikintisi haqqında razılaşma 2020-ci ilin dekabrında Ankarada imzalanıb, 2023-cü ildə isə kəmərin tikintisinə başlanılıb.

Qaz kəmərinin tikintisi Azərbaycanın beynəlxalq enerji sistemində öz mövqeyini möhkəmləndirməklə bağlı daha geniş strategiyasının bir hissəsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP kimi vacib ixrac marşrutlarına əlavə olaraq, bu layihə regionun enerji stabilliyinə dəstək olan infrastrukturun daha bir elementinə çevrilir.

Bu gün Ermənistanın İğdır-Naxçıvan qaz kəmərinə qoşulması ən optimal variantıdır. Bu həm də sülh müqaviləsinin reallaşmasına gətirib çıxardacaq.

Eyni zamanda qaz kəmərinin istismara verilməsi təkcə muxtar respublikanın enerji təhlükəsizliyini möhkəmləndirməyəcək, həm də onun sosial-iqtisadi inkişafı üçün əlavə şərait yaradacaq. 

Azərbaycan və Türkiyə hər zaman bölgədə sülhün, sabitliyin və rifahın təminatçısı olub. "Bir millət, iki dövlət" şüarı isə sadəcə söz deyil, gerçək bir siyasi və strateji reallıqdır. Bu münasibətlər əbədi və sarsılmazdır.