İllərini Vətən üçün yaşadı... - Bayram Məmmədov yazır

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Yazı da sevmişəm, payızı da, çiçəkləri, çiçəklərin ləçəklərində şehi də sevmişəm, dənəbir-dənəbir yağan qarı da, çayı da sevmişəm, çaya sığmayan seli də, ağacları, ağacların budağında yarpaq düzümünü də sevmişəm, yarpaqları titrədən yeli də...

İnsanları sevmişəm. Bəşəri niyyətliləri bəşəriyyətə Tanrı töhfəsi bilmişəm. Təhsil alanda da, müxtəlif vəzifələrdə işləyəndə də. Yaxşı insanlarla kəlmələşəndə elə bilirdim dünya mənimdi; bildiklərim düşüncələrimdə nizama düzülürdü, bilmədiklərimi öyrənirdim. Nəyisə kiməsə aşılayanda ustadlarımı xatırlamışam: öyrət, səbrlə öyrət, öyrətdiyinə əmin olub öyrət...

Zamanında birlikdə işlədiyim insanları da unuda bilmərəm. Ömrümün bir hissəsi onların əhatəsində keçib. O illəri ömrümüzün ortaq illəri bilmişik. Sonuncu kursda oxuyanda müəllimimiz auditoriyaya bir sual vermişdi: Sizi bir-birinizə bağlayan nədi? Hərə bir söz demişdi. Mən "İllərdi, müəllim, yəni zaman". Cavabım bəyənilmişdi. Aradan qırx üç il keçib. İndi də əminəm ki, bizi bir-birimizə illər bağlayırmış. Faiq Əvəz oğlu ilə məni də...
Faiq Rzayevi yaxşı tanıyırdım. İkimiz də fəal gənc idik. Mən rayon komsomol komitəsində idman və kütləvi müdafiə işləri şöbəsinin müdiri işləyirdim. Rayonun fəal gənclərini müxtəlif tədbirlərdə müşahidələrlə, bəzən söhbətlərdən tanıyıırdım. O illərdə belə tanımalar mütləq partiyanın qeyri-rəsmi zəmanətinə söykənməli idi.

Kim idi Faiq Əvəz oğlu?

1961-ci il noyabrın 17-də Zəngilan şəhərində anadan olmuşdu. Yaxşı oxuyurdu. Zəngilan rayonun Sarallı Xəştab kənd natamam orta məktəbində Faiqin müəllimi olmuş Məmmədxan Mustafayev sevimli şagirdi haqqında belə deyirdi: Faiq bütün fənləri həvəslə öyrənirdi, səkkizinci sinifdə həm ədəbiyyatdan, həm də riyaziyyatdan yazılı imtahandan əla almışdı. Rayon maarif şöbəsinin yoxlaması bu qiyməti təsdiqləmişdi. 

Zəngilan şəhər orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Sonra universitetin Tarix fakültəsi, sonra Zəngilanda əmək fəaliyyəti, sonra komsomolda, sonra rayon daxili işlər şöbəsində, sonra Zəngilanın müdafiəsində, sonra ... sonra əbədiyyət ...

Faiq universitetin Tarix fakültəsini bitirmişdi. Bu anlarda yadıma Xalq şairi Bəxtiyar Vahabzadənin yazdığı bir misra düşür: İştah bir tərəfdə, aş bir tərəfdə. Yəni qabiliyyət bit tərəfdə, açıq qapılar başqa tərəfdə (keçmiş olsun!). "Kommuna" sovxozunda azad komsomol komitəsi yaradılanda rayon komsomol komitəsinin məsul işçisi kimi mən bu vəzifəyə Faiq Rzayevin namizədliyini verdim. Təklifim qəbul olundu.

Faiq olduqca sadə, təmkinli, təvazökar, öyrənməyə meyilli gənc idi. Onu yoldaşlaından fərqləndirən, ayıran, fərdiləşdirən bir xüsusiyyəti də vardı: yüksək vətənpərvərlik.

Mən rayon partiya komitəsinin siyasi maarif kabinetinə müdir vəsifəsinə irəli çəkiləndən sonra da münasibətlərimiz əvvəlki səmimiyyətlə davam edirdi. Yaxşı iş, gərəkli fəaliyyət heç zaman diqqətdən kənarda qalmır. 1989-cu ildə Zəngilan rayon komsomol komitəsi (RKK-nin) plenumunun qərarı ilə Faiq Rzayev RKK-nin təşkilat şöbəsinin müdiri vəzifəsinə təsdiq edildi.

Digər sərhədyanı rayonlarda olduğu kimi Zəngilanda da vəziyyət gərginləşirdi. Belə bir vaxtda yaradılmaqda olan ərazi özünümüdafiə taboruna da, milisləri sırasına da vətənsevər, cəsarətli gənclər gəlirdi. 1990-cı ildə Faiq Rzayev komsomolun göndərişi ilə rayon polis şöbəsində xidmətə başladı. Sahə müvəkkili vəzifəsində. Müharibədə düşmənin bu və ya digər kəndlərə tuşlanan niyyətlərini ilk olaraq sahə müvəkkili duyur, onun qarşısının alınmasında sahə müvəkkili öncüllərdən olur; Faiq Rzayev polis zabiti kimi xidmətə belə başladı. Rayon polis şöbəsinin rəhbərliyi onun xidmətinin yönümünü bəyənirdi.

Mən rayon icraiyyə komitəsi sədrinin müavini vəzifəsində işləyirdim, rayonda ərazi özünümüdafiə taboru yaradılanda mən Müdafiə nazirinin əmri ilə taborun komandiri təyin edildim. Rayonun müdafiəsi ciddiləşirdi, düşmən Zəngilanlıların əzmi, iradəsi, qətiyyəti qarşısında aciz idi...

Faiq Rzayev Rəzdərə, Canbar, Yuxarı Yeməzli sovetliklərinə daxil olan kəndlərin müdafiəsində yaxından iştirak edirdi. Döyüşçülərlə bir sırada. Döyüşlər ara verəndə söhbətləşirdik. Ədəbiyyata da yaxşı bələd idi. Vətəndən danışardıq, döyüşlərdən danışardıq. Türk şairi Orxan Şaik Gökyayı, onun "Bu vatan kimin?" şeirini xatırlamış, xatırlatmışdım:
 
Bu Vətən torpağın qara bağrında
Sıra dağlar kimi duranlarındır.

 
Bir qədər düşünmüşdü, sonra döyüş növbətçiliyinə gedən əsgərləri göstərərək qətiyyyətlə demişdi:

- Vətən bu oğulların Vətənidi. Elə xidmət etməliyik ki, Vəətən bizə də Vətən olsun.

Onda ikimiz də Məmməd Arazın misrasını xatırlamışdıq, "Vətən bizə oğul desə nə dərdim..." demişdik. Göy üzündə dolaşan bulud topalarına baxmışdıq...

1993-cü ilin aprelində Zəngilan alayı Ermənistan ərazisinə hücum etdi. Həmin dövrdə mən alay komandirinin müavini idim. Bu əməliyyat həm düşmənə xəbərdarlıq idi, həm də Zəngilan alayının şəxsi heyətinin qələbə ruhunu yüksəltməyə yönəldilmişdi. Əməliyyat uğurlu olmuşdu. Düşmən xeyli itki vermişdi. Başlıca olaraq düşmən qarşısında nizami gücə, qüvvəyə malik olan alay görmüşdü. Bu əməliyyatda Faiq də iştirak etmişdi. Qorxmazlığı, qətiyyəti, əsgərlərlə əsgərləşməsi şəxsi heyətin döyüş əzmini kükrətmişdi. Əməliyyatdan sonra mənə xitabən, "Əsgər olmaq nə qədər qürurluymuş, komandir. Həm də zabit rütbəsində...". Onda mənim əlim onun əlində isinmişdi, onun əli mənim əlimdə...

Zəngilan rayon polis şöbəsinin keşmiş əməkdaşı Zöhrab Ağayev xatırlayır:

-Ermənilərin Kilisə və Hənd kəndlərinə keçirilən əməliyyatda Faiq hamıdan öndə ge-dirdi. Onun qorxmazlığı bizi döyüşə, qələbəyə ruhlandırırdı. İnanırdıq ki, düşmən bizim qarşımızda dayana bilməyəcək. Yəni Faiq kimi döyüşçülərlə birgə getdiyimiz bütün əməliyyatlarda bu ruhla döyüşürdük...

Polis zabiti kimi idarədə vəzifə borcunu yerinə yetirməli idi. Tapşırılan işi yerinə yetirdikdən sonra öz maşınında sərhəd kəndlərinə gedirdi. Belə gəlişlər döyüşçülərin döyüş əzmini, qələbə ruhunu yüksəldirdi: polis zabiti də bizim sıramızdadı! Bu ovqat Zəngilanın müdafiə ovqatı idi.

Faiq hansı duyumun təsiriyləsə, əsasən, Seyidlər kəndinə gedirdi. Bəzən günlərlə döyüş növbətçiliyi aparanların sırasında olurdu. İstidə də, soyuqda da. Növbəni dəyişəndə az qala 500 - 600 metrlik səngər sürünə-sürünə gedilirdi. Faiq bu əziyyətə dəfələrlə qatlaşmışdı. Bir dəfə əsgərlərdən biri ərklə, "Yoldaş baş leytenant, sizi bura kim göndərir, rəismi, icra hakimiyyətinin başçısımı?", - soruşur. Faiq əlini əsgərin çiyninə qoyur, gülümsünür:

-Özüm gəlirəm, əsgər qardaşım. Məni bura ürəyim gətirir...

Nüvədi Ermənistanın ərazisində azərbaycanlılar yaşayan yeganə kənd idi. Camaata həm hərbi, həm də mənəvi dəstək lazım olurdu. Faiq Rzayev Nüvədinin qorunmasında əsl cəfakeş olmuşdu. Söhbətlərimizin birində mənim dediyim bir tezis könlünə yatmışdı: Bir kəndin timsalında rayon, rayonun timsalında respublika qorunnalıdır.

Zəngilan müdafiə olunurdu...

Faiq Rzayevin işgüzarlığı, dövlətçiliyə sədaqəti əzəli zəmanəti oldu. Ona kadrların seçilməsi, yerləşdirilməsi və peşə hazırlığının təkmilləşdirilməsi həvalə edildi. Rəisləri xidmətindən razı idi. 1993-cü ilin aprelin 30-da Daxili işlər nazirinin əmri ilə ona növbədənkənar baş leytenant rütbəsi verilmişdi. Bu, hər zabitə nəsib olmayan təltiflərdəndir. Rütbə öz yerində, bu rütbənin verilməsi ehtiramın, ehtiram nüminəvi xidmətin təzahürü idi və bu təzahür Faiqin könül dünyasında gərəkli titrəyiş yaratmışdı...

Sərhədlərdə döyüşlər gedirdi. Düşmən Zəngilanın sərhədlərini keçmək istəyirdi, Zəngilanlılar düşmənin istəyinə sipər olmuşdu; Vətən sevgisi işğalçılığa qarşı qətiyyətlə döyüşürdü. Onların sırasında milis baş leytenantı Faiq Rzayev də vardı.

1993-cü ilin avqust ayının 25-i idi.

Şayiələr həmişə döyüş əzminə pərsəng olur. Belə şayiələr camaatın ürəyində arzuolunmaz tərpəniş yaradır, belə tərpənişlər düşmənin istəyinin davamı olur. O şayiələri düşmən yayır, düşmən "dəyirmanına su açanlar" yayır, ağrı-acısını camaat şəkir, rayon çəkir, Vətən çəkir. Şayiə yayılmışdı ki, ermənilər Qubadlının Xanlıq kəndinə girib, Zəngilana tərəf gəlir. Belə gəliş hücumdur. Bu şayiə əhali arasında səksəkə, vahimə yaratmışdı. Şayiənin xofu alayın gücünə inananların da ürəyinə yol tapmaqdaydı. Belə bir vəziyyətdə əli silah tutanlar döyüşənlərin sırasına gedirdi, səlahiyyətlilər magistral yollarda vahiməyə düşənləri sakitləşdirməyə, onları inandırmağa çalışırdı. Baş leytenant Faiq Rzayev də tələsik yola çıxmışdı.

Hara gedirdi Faiq Əvəz oğlu? - şayiənin gözünü yerə tökməyə, şayiəyə uyanları qınamağa, onları uğurundan döndərməyə, onları evinə qaytarmağa, Zəngilana can yandırmağa, zəngilanlıları Vətən sevgisinin cazibəsində qalmağın fəzilətlərinə dəvət etməyə, ...

Maşınına yanacaq dolduranda partlayış baş vermişdi...

Baş leytenant Faiq Rzayev faciəli şəkildə həlak oldu...

1987-1991-ci illərdə Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi olmuş tanınmış ictimai-siyasi xadim Tofiq Mehdiyev Faiqi etibarlı, sözübütöv, sədaqətli, vətənpərvər insan kimi xatırlayır. Bu xatırlama zamanında rayon miqyasında cinayətkarlığa qarşı mübarizənin xatırlanmasıdır, ictimai asayişin qorunmasının xatırlanmasıdır, rayonun ermənilərdən necə qorunmasının xatırlanmasıdır. Bu xatırlama bir ömürün son nəfəsinə görə təəssüfün xatırlanmasıdır...

...28 ilin o üzündə qalmış faciə Faiq Əvəz oğlunu tanıyanların qəhəri idi, indi də qəhəridi. Dəyərli ömür yaşayırdı Faiq. Faciə vaxtı üç yaşı vardı qızı Səmranın. O faciə üç yaşlı uşağın düşüncələrinə necə hopmuşdu görəsən? Görəsən o faciə üç yaşlı ürəyə necə sığışmışdı? Faiq hərdən zarafatla anasına deyərmiş ki, general olacam. Rütbədə general ola bilmədi Faiq Əvəz oğlu, insanlığın ən yüksək mərtəbəsinə yüksələnlərdən oldu...

32 rəqəmi polis baş leytenantı Faiq Rzayevin ömrünü müəyyənləşdirmir...

Faiq Rzayev onu tanıyanların, sevənlərin, Zəngilanı sevənlərin ürəyindədi...

32 yaşdan sonrakı ömrün əbədilik ömrü oldu, Faiq Əvəz oğlu, dostum, silahdaşım, vətən-pərvərliyinə də, qətiyyətinə də, qorxmazlığına da yaxşı bələd olduğum zabit qardaşım...

Faiq Əvəz oğlu illərini Vətən üçün yaşadı...