1 il 3 ay bundan əvvəl AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında "3+1" illik müqavilə imzalananda mütəxəssislər, heç mütəxəssis olmayanlar da, futbol ictimaiyyəti, adı azarkeşlər də deyirdilər ki, buna ehtiyac yoxdur. Çünki futbolumuzun vəziyyəti, problemləri bəlli olduğu halda belə bir növbəti addım mənasız idi. Əvvəlki illərin praktikası da bunu aydın sübut edidi. Covanni de Byazinin, Prosineçkinin, Foqtsun, Torresin vaxtında da millimiz elə bu cür oynayırdı. Ona görə də Santuş olmur kim olursa olsun bu yanaşma ilə futbolumuzda heç bir uğurdan söhbət gedə bilməz.
Santuşun isə günahı ondadır ki, son 1 ildə əsas millimiz 11 oyundan 1 qələbə belə qazanmadı. Və ən nəhayət onunla müqavilə imzalananda Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulmuşdur. Bir ilin uğursuz göstəricisinin nəticəsi AVRO-2028-in seçmə mərhələsnə uğursuz başlangıcla bir daha təsdiq olundu.
Oyunda futbolçuların zəif fiziki hazırlığı, düzgün ötürmə verə bilməməsi, topu qəbul etmək bacarığının olmaması və s. aydın görünürdü. Bu, futbolçuların ümumi konteksdə malık olacaqları parametrlərdir. Futbolçular bu baxımdan həmişə hazırlıqlı olmalıdırlar. Məşqçinin vəzifəsi isə hazır materialı sinxronlaşdırıb qarşıya qoyulan taksiki məsələləri həll etməkdir. Təəssüf ki, biz bunu görə bilmədik. Ən təəssüfü o oldu ki, qalib ölkənin qalib gəncliyinin 11 üzvünün yaşıl meydanda mübarizə əzmini görmədik. Bəlkədə oyun öncəsi onları psixoloji olaraq buna hazırlamaq mümkün idi. Amma hesab edirəm ki, bunu 71 yaşlı Portuqal Santuş edə bilməzdi. 380 minə qədər əhalisi olan İslandiya komandasının oyunçuları isə öz “Vikinqlik” mübarizliyini həm oyunçu olaraq, həm də tamaşaçıların öz ecazkaz səsləri ilə xalq olaraq ortaya qoydular.
Bəlli olan budur ki, uşaq futbolu, region futbolu, milli oyunçuların futbolu olmayınca nəticə belə də olacaq. Santuşa verilən pulu indiki mövcud şəraitdə 2-ci və region liqaysına yonətlsək daha yaxşı nəticə almaq olar.
Hansısa bir Proqram qəbul etməklə bu isi həll etmək olmaz. Düzdür Proqram mütləq olmalıdır, yetər ki, real faktlara, real imkanlara əsaslansın və mütləq yerinə yetirilsin. Ümumilikdə isə hər bir şəhər və rayonun futbol komandası, stadionu olmalıdır. Digər işlər-uşaq futbolu, futbol məktəbləri bu komanda ətrafında cəmləşməlidir. Bu gün isə vəziyyət tamam fərqlidir. Futbol məsələsi yerli İcra rəhbərliklərinin səlahiyyəti daxilində deyil, Gəclər və idman Nazirliyi deyir futbol mənlik deyil, AFFA-nın da işinə qiyməti bu günkü nəticə ilə vermək olar.
Leqioner hesabına oynamaq da vəziyyətdən çıxış yolu deyil. Milli Futbol Çempionatımızda çıxış edən komandalarda leqionerlər kifayət qədərdir. Hətta 2025/2026 mövsümündən əcnəbi oyunçulara qoyulan limit AFFA İcraiyyə Komitəsi tərəfindən ləğv olunub. Yəni artıq Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümündə 12 komandanın iştirakı ilə keçiriləcək çempionatda legioner limiti də tətbiq olunmayacaq. Yeni qaydaya görə, meydanda eyni anda 11 legionerin oynamasına icazə verilib. Bəs onda Milli futbol harada qaldı? Yerli futbolçular necə yetişsin? Azərbaycan futbolu necə inkişaf eləsin ? Bu məsələ artıq 1-ci, 2-ci, hətta Region liqasına gəlib çıxıb.
Bir necə gün əvvəl “Qarabağ” FK-nın Avroliqada uğurlu çıxışına şahidlik elədik və hamımız sevindik. Belə çıxır ki, “Qarabağ” FK-nun oyunları sadəcə bir biznes baxımından uğurludur. Bu gün “Qarabağ” FK-nin avroliqada uğurlu çıxışı ilə Milli komandanın oyunu arasında heç bir əlaqə görünmür, demək olar ki, yoxdur və sonda bu uğurun Azərbaycan futbolunun inkişafına da heç bir töfhəsi yoxdur.
Legioner məsələsi və ya əcnəbilərin milliləşdirilməsi məsələsi müstəqilliyimizin ilk illərində başa düşülən idi. Çünki hər “Milli” əcnəbinin qələbəsi yerli idmançılar üçün bir motivasiya idi. Amma iş görüb, milli kadr yetişdirməkdənsə görünür pul verib "hazır kökə" almaq bizə artıq xas olan xüsusiyyət kimi çoxdan formalaşıb. Yadıma "Bəxtiyar" filmi düşdü. Klubun rəhbəri Ağabala pul verib balet ustalarını (leqioner) dəvət edir və onları qazmaçı Anton Raspokov və montajçı Klara Kalmagina kimi təqdim edir. Münsiflər balet ustalarından soruşurlar ki, gərək siz qazmaçısız və qazdığınız sonuncu quyunun dərinliyi nə qədərdir? Anton deyir -10 metr, Klara deyir yox, yox -5 metr. Film 1955-ci ildə çəkilib. Üstündən 70 il keçib, amma görünür düşüncə dəyişməyib.
Azərbaycan cəmiyyətində təəssüf ki, İdmanın yox, idmançının populyarlaşması daha öndədir. İstənilən qalib idmançı milli qəhrəman kimi qəbul olunur, maddiyyat, imtiyazlar, vəzifə və s. Mental olaraq bundan başgicəlləmiz mütləqdir və idman yaddan çıxır. Hələ indiyə qədər 1 nəfər də 2 qat olimpiya çempionumuz yoxdur. Sonuncu Paris Olimpiadasında Özbəkistan komandasının 2 üzvü 2 qat Olimpiya çempionu oldu. Qazanılan 8 qızıl, ümumilikdə isə 13 medalın 13-nü də özbək qazandı.
Özbəkistandan söz düşmüşkən: Bu gün Özbəkistan Milli futbol komandası artıq 2026 il Dünya Çempionatına vəsiqə qazanıb. Komandanı bu uğura özbək vətəndaşı, yerli mütəxəssis, özbək futbolunun yetirməsi, mesxeti türkü Timur Kapadze aparıb.
Müqayisə üçün deyim ki, 2 il öncə 2023-cü ildə Özbəkistanda Futbolun inkişafına Dəstək fondu yaradıldı və müvafiq vəsait ayrıldı. Azərbaycanda isə Futbolun İnkişaf Fondu (FİF) daha öncə, 2016-cı ildə təsis olunub. Azərbaycanda bu fonda Özbəkistandan 10 dəfə artıq maliyyə ayrılır.
Demək əsas məsələ pulda, maliyyədə deyil, işin düzgün təşkilindədir. Təkcə Daşkənddə 14 ən tanınmış futbol komandalarının Akademiyası fəaliyyət göstərir. Gürcüstanın “Dinamo” Tbilisi Akademiyasının fəaliyyətinə və nəticələrinə baxın.
Hesab edirəm ki, Azərbaycan futbolu yenidən təşkil edilməli və Santuşluq prinsipindən əl çəkilməlidir.
İltizam Yusifov
VI çağırış Milli Məclisin deputatı