İmsakda hansı qidalara üstünlük verilməlidir? -  Emin Məmmədov

“Ramazan ayında iftar və imsak saatlarında düzgün qidalanmaq həm bədənimizin, həm də həzm sistemimizin sağlamlığını qorumaqda böyük rol oynayır”. 

Sabahinfo.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. 

Onun sözlərinə görə, iftarı xurma ilə açmaq, mədəmizi yumşaq şəkildə yeməyə hazırlayır:

“Həmçinin, bol su və ya təbii meyvə şirəsi içmək bədənimizin itirilmiş mayeni bərpa etməyə kömək edir. Yüngül şorbalar, məsələn, toyuq və tərəvəz şorbası, həzm prosesini yavaş-yavaş başladaraq mədə-bağırsaq sisteminə yüngül bir yüklə daxil olur. Mədəmizin əzələ qatları genişlənməyibsə, onu yeməklə doldurmaq həzmi pozar və qida qəbulundan sonra mədədə ağırlıq hissi yaradar, həzm müddəti uzanar. Eyni zamanda, probiotiklərlə zəngin məhsullar – məsələn, yoğurt və kefir – bağırsaq florasının tarazlanmasına dəstək verir və həzm prosesini asanlaşdırır. İftarda meyvə və tərəvəzlərin rəngarəngliyi isə bədənimizin ehtiyacı olan vitamin, mineral və liflə təmin edir”.

Mütəxəssis-ekspert qeyd edib ki, imsakda isə gün boyu enerjimizi qorumaq üçün tam taxıllı məhsullara üstünlük vermək vacibdir:

“Kəpəkli çörək, yulaf və qəhvəyi düyü kimi kompleks karbohidratlar uzun müddət toxluq hissi yaradır. Bunun yanında, yumurta, az yağlı pendir və toyuq kimi asan həzm olunan zülal mənbələri enerjimizi yüksəldir. Sağlam yağlar, məsələn, zeytun yağı, avokado və qoz-fındıq, həm mədəmizi rahatladır, həm də ümumi sağlamlığımızı dəstəkləyir. Yeməkləri kiçik porsiyalarda qəbul etmək, yaxşı çeynəmək və çox ədviyyatlı, yağlı qidalardan uzaq durmaq həzm sistemimizin işini asanlaşdırır. Balanslı bir menyu seçərək, həm karbohidrat, həm zülal, həm də vitamin və minerallarla zəngin qidaları qəbul etmək bədənimiz üçün ideal şərait yaradır”.

E.Məmmədov bildirib ki, Ramazan ayında iftar və imsak saatlarında həzm sistemini gücləndirmək üçün sadəcə doğru qidaları seçmək yetərli deyil, həm də bədənimizi dinləyərək, ehtiyac duyduğumuz zaman uyğun nizam-intizamla qidalanmaq önəmlidir.