İnkişafın təminatı-Milli Prioritetlər

Həqiqətən, Azərbaycanda sosial dövlət modeli özünün müsbət bəhrələrini verməkdədir. Ölkəmiz hər il artan maliyyə imkanlarını ilk növbədə, sosial sektorda mühüm proqram və layihələrin maliyyələşməsinə yönəldir. Hazırda büdcədə sosial xarakterli xərclərin çəkisi 40 faizdən yüksəkdir. Bu baxımdan qarşıdakı onillikdə də sosial dpvlət modeli əsas olmaqla, yeni çağırışlara uyğun dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu təmin ediləcəkdir. Bunun üçün 3 mühüm prioritet müəyynləşib. Bunlar inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafı kimi althədəflərdir. Hökumət hesab edir ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır.Məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir.

Nəzərdə tutulan plana əsasən, 10 il ərzində sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndiriləcək. Ölkəmizdə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunacaq. Məşğulluq imkanları daha da genişlənəcəkdir. Bütün bu hədəflərə nail olmaqla sosial intibah daha da möhkəmlənəcəkdir.

Qeyd edilən althədəflər çərçivəsində yaradıcı və innovativ cəmiyyət quruculuğu, innovativliyini stimullaşdıran ekosistem yaradılması, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi, keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunması ilə bağlı da tədbirlər görüləcək.

Azərbaycan qlobal dünyanın bir parşasıdır, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası hər ilə dərinləşir. Azərbaycan dünyanın 180-dən artıq ölkəsi ilə mal dövriyyəsi həyata keçirir, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsinə çevrilib. Bütün bu amillər, xarici mühitdə baş verən proseslərin Azərbaycana təsirlərini istisna etmir. Bunu son illərdə dünya iqtisadiyyatında və qlobal maliyyə bazarlarında baş verən böhranlar, xüsusilə də koronavirus pandemiyası nəticəsində 2020-ci ildə yaşanan qlobal şoklar zamanı da müşahidə etdik. Ona görə də, hökumət bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməli olduğunu əsas strateji məqsədlərdən hesab edir. Bu məqsədlə ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Məcmu borc makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinə xidmət etməlidir. Daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.

Nəzərdə tutulan bu prioritetlər qlobal şoklar dövründə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığını təmin edəcək, iqtisadi artımın və fəallığın davamlı olmasına dərin zəmin yaradacaqdır.

Aydın Hüseynov

Milli Məclisin deputatı

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində çap olunur