Nəzərova Arzu Aslan qızı,
Səbail rayonu E.Əliyev adına 162 saylı tam orta məktəbin direktoru
Tarixboyu gələcək hədəfləri özündə ehtiva edən, mütərəqqi ideyalar ətrafında sıx birləşməyi bacaran xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləyib və uğurlu nəticələr əldə ediblər.Ötən illərdəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ictimai həyatın bütün sahələrində böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olub.
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyuldu. Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlanıldı və rəşadətli Ordumuzun şücaəti və qəhrəmanlığı nəticəsində noyabrın 8-dək ərazilərimizin bir hissəsi, o cümlədən 5 şəhər, 4 qəsəbə, və 286 kənd işğaldan azad olundu.
Vətən müharibəsinin gedişindəFüzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edidi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil.Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur.Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu.
Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və bundan sonra da görüləcəkdir.