“2011-ci ildən Qoşulmama Hərəkatına üzv olan və 2019-cu ildən təşkilata sədrlik edən Azərbaycan son illər Hərəkatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda keçirilmiş Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda videoformatda etdiyi çıxışında da qeyd olunduğu kimi, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur və Azərbaycan bu təşkilata sədrlik etməyə başladığı gündən beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olaraq dünyanın müxtəlif regionlarında yerləşən fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir: “Məlumdur ki, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər bu gün də müasir dünyamızda beynəlxalq münasibətlərin formalaşdırılması prosesində öz aktuallığını qoruyub saxlayır. Dövlət başçımızın da dediyi kimi, əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Təəssüflər olsun ki, bu gün də bəzi ölkələrə rəhbərlik edən hərbi-siyasi rejimlər bu prinsiplərdən çox uzaq olan meyarlar əsasında siyasət yürüdürlər ki, bu da regional münaqişə ocaqlarının yaranmasına səbəb olur. O cümlədən Azərbaycan da Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində özünün beynəlxalq hüquqla tanınmış ərazisinin 20%-dən məhrum durumda olmuşdu. Əlbəttə ki, zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.”
Kamaləddin Qafarov bildirib ki, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının Sədri seçilmiş Azərbaycan ötən dövr ərzində bir sıra mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərin hər biri Hərəkata üzv ölkələrin maraqlarını təmin etməklə yanaşı təşkilatın dünyada nüfuzunun artmasına xidmət edib: “Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulamışdı ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Son iki ildə cərəyan edən hadisələr göstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu dəfə də öz vədinə tam olaraq əməl edir. Əlbəttə ki, bu hal bir daha göstərir ki, Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini dərhal və qətiyyətlə neytrallaşdırır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə mütəmadi olaraq əhəmiyyətli təşəbbüslərlə çıxış edib. 2019-cu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının tarixi XVIII Zirvə Görüşündən sonra keçən müddət ərzində beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. O cümlədən, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Belə ki, ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Bundan əlavə, Zirvə Toplantısında Prezident İlham Əliyevin təklifinə əsasən 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Qeyd etmək lazımdır ki, dövlət başçımızın bu təklifi 150-dən artıq ölkənin dəstəyini almışdı. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib və təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.”
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda etdiyi çıxışında Prezident İlham Əliyevin ikili standartlar və selektiv yanaşma siyasəti ilə bağlı ifadə etdiyi fikirlər böyük siyasi əhəmiyyət kəsb edir: “İlk növbədə qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatının təşviq etdiyi bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrinin mahiyyətində aşkar şəkildə əks olunub. Məhz bu səbəbdən Təşkilata üzv ölkələr hər zaman beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. 2019-cu ildə keçirilmiş Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğulamış və təsdiq etmişdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Hərəkatın Belqrad Toplantısında videoformatda etdiyi çıxışında Prezident İlham Əliyev bir daha vurğuladı ki, Ermənistanı ölkəmizə qarşı təxribatlara və təcavüzə sövq edən əsas amillərdən biri də dünyada tətbiq olunan ikili standartlar siyasəti olub. Ümumiyyətlə, bir çox hallarda beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində məhz belə selektiv yanaşmaya məruz qalıb. Ermənistan isə cəzasızlıq mühitindən ruhlanaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. Bununla belə hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.
Cəzasızlıqdan həvəslənən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Həmçinin dövlət başçımız Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyini vurğuladı, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstəyi xüsusi qeyd etdi. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bir daha təşkilata üzv olan bütün ölkələrin rəhbərlərini əmin etdi ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəkdir.”