Kanada general qubernatoru Jüli Payet tabeçiliyində olan işçilərlə bağlı yaşanan qalmaqalın ardından istefa etdiyini açıqlayıb.
Bu barədə TASS məlumat yayıb. “Ölkəmə 28 illik xidmətdən sonra istefa məktubu yazdım. Bu barədə Baş nazir Justin Trudoya da məlumat vermişəm”, - deyə Payet öz açıqlamasında bildirib.
General-qubernator “Hər kəsin sağlam və təhlükəsiz iş mühitində çalışmaq hüququ var. Son bir neçə ayda Rido Hollda (General Qubernatorun iqamətgahı – red.) gərginlik yaşandı, buna görə çox təəssüf edirəm”, - deyə əlavə edib.
J.Trüdo artıq general-qubernatorun istefasını qəbul etdiyi barədə bəyanat yayıb. Onun səlahiyyətlərini isə müvəqqəti olaraq Ali Məhkəmənin sədri Riçard Vaqner icra edəcək.
Xatırladaq ki, ötən ilin yayında general-qubernatorun ofisində “gərgin vəziyyətin” yaranması haqqında xəbərlər yayıldı. Əməkdaşlar bu vəziyyətin yaranmasında öz rəhbərlərini günahlandırır, sıxışdırılmaları və təhqir olunmalarını bildirirdilər. Bu şayiələrdən sonra baş nazir yanında gizli şura yoxlamalara başladı. Dünən yoxlamaların başa çatdığı bildirildi. Məhz bundan sonra general-qubernator ona rəsmi ittihamın irəli sürülməsinin qarşısını almaq üçün vəzifəsindən istefa etdiyini bildirdi.