Kəlağayı Ev Muzeyində tədbir keçirildi

28 yanvar, 2024-cü ildə Kəlağayı Ev Muzeyində tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açdı. ''Sazlı Sözlü Kəlağayı Günləri'' layihəsi haqqında danışdı və yenicə işıq üzü görmüş  ''Anam- kəlağaydı, kəlağay- anam'' kitabının təqdimatı gününün təkcə bu gün deyil, ilboyu ölkəmizdə keçiriləcəyini vurğulayıb. 

Vətən uğrunda canından keçmiş müqəddəs şəhidlırimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Bu kitab -24-28 noyabr, 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarasi Komitəsinin doqquzuncu sessiyasında  “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” YUNESKO-nun  Qeyri-maddi Mədəni İrs üzrə Reprezentaiv Siyahısına daxil edilməsinin 10 illik yubileyinə töhfəmizdir. 

“Anam - kəlağaydı, kəlağay - anam...” kitabının tərtibçisi və toplayanı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlı, redaktoru ədəbi tənqidçi, araşdırmaçı yazar Vaqif Osmanlı, məsləhətçilər Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və  Əmək  Qəhrəmanı, Preziden Təqaüdçüsü Tərlan Musayeva, rəyçi  İctimai Birliyin sədr müavini Vüsal Sehranoğludur. Kitaba ön sözü Xalq şairi Nəriman Həsənzadə yazmışdır.

Kitabda ənənəyə sadiq qalaraq  klassik və çağdaş Azərbayan, həmçinin xarici dövlətlərdə yaşayan və fəaliyyət göstərən xalqımızın şair, yazıçı, elmi araşdırmaçı, publisist, aşıqlarının, Azərbaycanın tanınmış qadınlarının kəlağayıya həsr olunmuş şeirləri, hekayələri, elmi yazıları, düşüncələri çap olunmuşdur. İnanırıq ki, kitabdakı bədii, elmi nümunələr geniş oxucu marağına səbəb olacaq. 

Bu günkü tədbirdə kitabın redaktoru Vaqif Osmanlı, MDPM İctimai Birliyinin sədr müavinləri Vüsal Sehranoğlu, Gözəl Kəlbəcərli, texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov,  jurnalist Ötərxan Eltac, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, Mətanət Uluşirvanlı, Rəfael Tağızadə, Səadət Buta, Lalə İsmayıl, Rəqibə Qəvvas, Eyzanat Osmanova, Şəfəq Sahibli, Narıngül Nadir, Arzu Heydərova, Lilpar Qəzənfər, Maya Omarova, Rəşidə Xəlilova, Xalidə İlyasqızı, Nailə Zəngin  kitab haqqında fikirlərini bildirdilər, şeirlər söylədilər. Aşıq Gözəl Kəlbəcərli və aşıq Ləman Məhərrəmovanın gözəl deyişmələri iştirakçılara xoş ovqat bəxş etdi.
 
 Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayi Ev Muzeyi”nin nəşr etdirdiyi “Anam – kəlağaydı, kəlağay anam...” kitabının təqdimatı məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciətə nazirlik rəsmiləri böyük sayğı ilə yanaşıb. Belə ki, nazirliyin qərarı ilə respublikamızın müxtəlif ali və orta məktəblərində il boyu müxtəlif tədbirlər - ədəbi-bədii gecələr, görüşlər, sərgilər keçirmək planlaşdırılır. Həmçinin Azərbaycanın müxtəlif bölgələrində də belə tədbirlər təşkil ediləcək.