Kiçik Dəhnə bələdiyyəsinin uğurlarına kölgə salanlar

Şəki rayonunun Kiçik Dəhnə bələdiyyəsi respublikamızda fəaliyyət göstərən 1606 bələdiyyənin arasında seçilən bələdiyyələrdəndir. Bir neçə seçkidir ki, bu bələdiyyəyə Əlvida Cəlalov rəhbərlik edir. Kiçik Dəhnə kəndi Şəkinin iri yaşayış məskənlərindən biridir. Bələdiyyə sədrinin gördüyü işlərlə tanış olmaq məqsədilə dəfələrlə Kiçik Dəhnə bələdiyyəsində olmuş, bələdiyyə ərazisini gəzib sakinlərlə söhbətlər aparmışıq. Onu qeyd edək ki, kəndin girəcəyindən çıxacağına qədər çox böyük işlərin şahidi olmuşuq. Əlbəttə, bizim bələdiyyələr Türkiyə və başqa xarici ölkələrin bələdiyyələri ilə müqayisəolunmazdır. Lakin Kiçik Dəhnə bələdiyyəsini öz fəaliyyətinə görə inkişaf etmiş bələdiyyələr sırasında görmək mümkündür. Hamıya bəllidir ki, bələdiyyə ərazisində hər hansı işi görmək üçün ilk növbədə maliyyə məsələləri öndə durur. Əgər bələdiyyənin maliyyə imkanları aşağıdırsa deməli, inkişafdan söz açmaq olmaz.
Onu da qeyd edək ki, bələdiyyə büdcəsinin formalaşması həyata keçirilmiş bir sıra tədbirlərdən asılıdır. Bu sahədə ilk öndə mövcud vergilərin toplanması durur. Bələdiyyə icarəyə verdiyi torpaqlardan da müəyyən rüsumlar yığır. Açıq deyək ki, respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin yığılmış vergi rüsumları çox böyük həyati əhəmiyyətli işlərin görülməsinə imkan yaratmır. Bu yerdə bələdiyyə sədrinin, eləcə də onun kollektivinin nüfuzu daha böyük rol oynayır.
Çox sevindirici haldır ki, uzun illər Kiçik Dəhnə bələdiyyəsinə rəhbərlik edən Əlvida Cəlalovun və onun qardaşlarının kənd arasında, eləcə də rayon səviyyəsində çox böyük nüfuzları var. Əlvida Cəlalovun qardaşı Elçin Cəlalov və digər iki qardaşı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində iş adamları kimi tanınırlar. Xüsusən Elçin Cəlalovun adı daha məşhurdur. O, əsl xeyriyyəçi, vətənpərvər, vətənini sevən, işgüzar bir şəxsdir. Bu gün təkcə Kiçik Dəhnəlilər, Şəkililər deyil, Rusiyada yaşayan və fəaliyyət göstərən Azərbaycanlılar Elçin Cəlalovun xeyriyyəçiliyindən, ləyaqətindən, işgüzarlığından, həmyerlilərinə qayğıkeşliyindən fərəhlə danışırlar. Elçin Cəlalov hər bir Azərbaycanlıya, ona müraciət edən hər bir kəsə qayğı göstərdiyi kimi özünün doğma kəndi Kiçik Dəhnəni də daim diqqət mərkəzində saxlayır. Bələdiyyə sədri olan qardaşının əlavə imkanları da məhz onun sayəsindədir. Təkcə onu qeyd edək ki, bu gün Kiçik Dəhnəlilərin su probleminin həlli məhz bələdiyyə sədri Əlvida Cəlalovun qardaşı Elçin Cəlalovun xidmətləridir. Kənd sakinləri sudan söz düşərkən qeyd edirlər ki, əgər Elçin Cəlalov olmasaydı, bu kənddən köçmək lazım olacaqdı. İri borular vasitəsilə dörd kilometr məsafədən kəndə çəkilmiş su kəmərinin bütün maliyyə xərclərini Elçin Cəlalov öz öhdəsinə götürmüşdür. Bu gün Kiçik Dəhnəlilərin hər birinin qapısında demək olar ki, su kifayət qədərdir. Bələdiyyə sədrinin və onun qardaşlarının fəaliyyəti sayəsində kənd ərazisində on iki kilometr yola asfalt döşənmişdir. Demək olar ki, kəndin yol problemi həll edilmişdir. Bu da əhalinin daha rahat yaşamasını, gəliş-gedişin daha da rahatlığını təmin etmişdir. Bələdiyyə sədrinin işgüzar fəaliyyəti sayəsində, eləcə də onun qardaşlarının köməyi ilə bu gün kəndlərimiz arasında ən əzəmətli Şəhidlər Kompleksi Kiçik Dəhnədə ucaldılmışdır. Sədrin bir qardaşı Rahim Cəlalov ehtiyatda olan zabitdir. O, Qarabağ müharibəsinin fəal iştirakçısı və döyüş bölgələrində qəhrəmanlıq göstərən hərbçimiz olub. Qarabağın işğaldan azad olunan torpaqlarında bayraq sancan hərbçilərdən biri olmuşdur. Qarabağ qazisi kimi onun bu gün adı rəğbətlə çəkilir. Hazırda ermənilərdən təmizlənmiş Xankəndində iş adamı kimi fəaliyyət göstərir. Bu gün yüzlərlə müsafirlərə onun şirkəti Xankəndində xidmət edir. Məhz Kiçik Dəhnədə Şəhidlər Kompleksinin tikintisində onun da xidməti az olmamışdır. Kiçik Dəhnəlilər Qarabağ şəhidləri ilə yanaşı, 1941-45-ci il Vətən müharibəsinin iştirakçılarının da abidə kompleksini daim əziz tutur və abidə önündə hər bayramda tədbirlər keçirilir. Bu işlərdə bələdiyyə sədrinin xidmətləri əvəzsizdir.
Bütün Kiçik Dəhnəlilər yaxşı bilir ki, bələdiyyə sədri Əlvida Cəlalovun özünün və qardaşı Elçin Cəlalovun köməkliyi ilə aztəminatlı ailələr üçün 26 ev tikilmişdir, ondan 23-ü ehtiyacı olanlara pulsuz paylanmışdır, 3-ü isə hazırda təmir edilir. Bələdiyyə sədrinin və onun qardaşı Elçinin köməkliyi sayəsində bu gün Kiçik Dəhnədə əzəmətli məscidlərdən biri tikilmişdir. Bu cür məscidi inşa etmək əlbəttə ki, bələdiyyənin imkanı xaricindədir. Lakin bələdiyyə sədrinin uzaqgörənliyi, xeyirxahlığı və onun qardaşlarının maddi yardımı sayəsində bu işlər həyata keçirilmişdir. Sözsüz ki, kənd sakinləri görülən bu işlərdən razılıq edirlər. Bələdiyyənin gördüyü işlərdən biri də təhsillə bağlıdır. Bizim hər birimizə bəllidir ki, təhsilk sahəsində problemlərimiz var. Bu problemlərin aradan qalxmasında repetitorluq fəaliyyəti rol oynayır. Kiçik Dəhnədə isə bunun üçün bələdiyyə nəzdində təhsil mərkəzi yaradıılmışdır. Bu təhsil mərkəzində həm kənd şagirdləri, həm də ətraf kəndlərdən gələn şagirdlər təhsil alır. Bələdiyyə sədrinin fəaliyyəti sayəsində təhsil almaq üçün gələn qonşu kənd uşaqları üçün nəqliyyat vasitəsi təşkil edilmişdir. Onlar nəqliyyat haqqı ödəmədən bura gəlir və həmin maşınla evlərinə qayıdırlar. Son illərdə hər il 200 nəfər şagird bu təhsil mərkəzindən yararlanır. Sevindirici haldır ki, burda təhsil alan şagirdlər yüksək balla respublikanın ayrı-ayrı universitetlərinə qəbul olunurlar. Bələdiyyə sədrinin bir fəaliyyəti də kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə yönəlib. Onun sayəsində kənd sakinlərinin bir hissəsi taxılçılıq və heyvandarlıqla məşğuldurlar. Bələdiyyə sədrinin özü də hər il 125 hektar torpaq sahəsində taxıl əkir. Respublikamızın hər yerində olduğu kimi, məhsuldarlığın artması üçün, əkin sahələrində torpaqların şoranlaşmasının qarşısını almaq üçün drenaj kanallar çəkilmişdir. Bu kanallar vasitəsilə əkin sahələri daha da münbitləşir. Qeyd olunan bütün faktlar bir kənd bələdiyyəsinin fəaliyyəti sayəsində həyata keçirilmişdir. Bu gün demək olar ki, Kiçik Dəhnə bələdiyyəsinin ciddi yerli problemi yoxdur. Qarşıya çıxan problemlər bələdiyyə sədrinin özünün və qardaşlarının köməyi sayəsində dərhal aradan qalxır.
Lakin sən saydığını say, gör fələk nə sayır, deyərlər. Kiçik Dəhnədə olan bu abadlıqlara, bu qlobal işlərə kölgə salmağa cəhd edənlər də var. Kənd üçün, el-oba üçün bir işə yaramayan bir neçə nəfər var ki, onlar bu inkişafın qarşısında maneçilik törədirlər. Bu yaxınlarda azbelediyye.az saytında bələdiyyə sədrinin uğurlarına kölgə salan yazı dərc olunmuşdur. Saytın təsisçisi və baş redaktoru Məzahir Bəxtiyaroğludur. Redaktor İxtiyar Həsənlidir. Saytda verilən yazıdan aydın görünür ki, qərəzli və böhtan xarakterlidir. Yazıda heç bir fakta əsaslanmadan ittihamlar irəli sürülür, bələdiyyə sədrinin və onun qardaşlarının nüfuzuna xələl gətirəcək ifadələr işlədilir. Araşdırmamız zamanı bəlii oldu ki, yazını sayt üçün hazırlayanlardan biri də İnqilab Şirinbəylidir.
Onlar əsasən Mingəçevir bölgəsində fəaliyyət göstərməklə bəzi bələdiyyələrin gördüyü işlərə kölgə salırlar. “Sakinlərdən Kiçik Dəhnənin bələdiyyə sədrinə qarşı diqqətçəkən iddialar" başlığı altında yazının girişində oxuyuruq: “Bir neçə kənd sakini Kiçik Dəhnə kənd bələdiyyəsinin sədrindən şikayətçidir. Şəki rayonunun Kiçik Dəhnə kənd bələdiyyəsinin fəaliyyətsizliyi ilə bağlı redaksiyamıza məlumatlar daxil olub. Məlumatları elektron poçtumuza və qaynar xəttimizə adının çəkilməsini istəməyən 3 nəfər kənd sakini göndərib. Şikayətçilər ona görə adlarının çəkilməsini istəmirlər ki, həm bələdiyyə sədrinin Rusiyadakı və buradakı qardaşlarından, həm də sədr Əlvida Calalovdan qorxurlar. Çünki onlar hər an döyülə və şərlənə bilərlər. Bunu biz yox, kənd sakinləri özləri yazıblar".
Əvvəla, hər hansı mətbu orqana, hər hansı sayta ünvanlanan məlumatlar, sözsüz ki, yerində yoxlanmalıdır. 5-6 min əhalisi olan Kiçik Dəhnənin 3 nəfər adı çəkilməyən sakini böhtan xarakterli nəsə yazırsa, bunu saytın araşdırmadan yayması yolverilməzdir. Biz saytda verilən bütün faktları yerində araşdırdıq. Bəlli oldu ki, bütün faktlar tərsinə yozulub. Kənddə əzəmətli məscid tikilib. Bunun ziyanı nədir? Kəndin əkin sahələrində torpağı şoranlıqdan qorumaq üçün drenaj kanallar çəkilib. Sayt qeyd edir ki, torpağın münbit hissələri yuyulub məhv edilir. Budurmu jurnalist araşdırması? Sayt yazır Moskvadan gələn bu pullar hansı yolla, necə gəlib. Görəsən onlar dərk edirlərmi ki, Azərbaycanın bütün rayonlarına xaricdə yaşayanlarımız tərəfindən yardımlar olunur.
Saytda bu materialı hazırlayan adamlar ilk növbədə ədalət hissini itirmiş insanlar kimi nəzərə çarpır. Kəndə su çəkilib. İş adamının xeyirxahlığı beləmi qiymətləndirilir? Məqalədə kəndin su xətlərini Somaliyə bənzətmək qeyri-peşəkarlığın əlamətidir. Onların saytda yazdıqları “faktlar" o qədər gülünc görünür ki, insanın söz deməyə dili də gəlmir. Yazının sonunda qeyd olunur ki, bələdiyyə sədri icra başçısı Elxan Usubovun göstərişi ilə seçilmişdir. Bu, Azərbaycan dövlətçiliyinə, Azərbaycan seçki qanunlarına hörmətsizlikdir, 6 min nəfərin yaşadığı ərazidə seçki proseslərinə ləkə gətirməkdir. Xalq tərəfindən seçilmiş bələdiyyə sədrinin nüfuzunu alçaltmaq, şəxsiyyətinə zərər vurmaq bütün hallarda yolverilməzdir. Üç nəfər adlarını gizli saxlayan şəxslərin sayta anonim müraciətini ciddi şəkildə araşdırmadan yayımlamaq cinayət tərkibi daşıyır. Ümidvarıq ki, saytda yayımlanmış əsassız, böhtan xarakterli yazı hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılacaqdır. Bələdiyyə sədrinin və onun ətrafındakı xeyirxah insanların nüfuzunun və şəxsiyyətinin alçaldılmasına son qoyulacaqdır.

P.S. Mövzunu nəzarətdə saxlayacağıq. Görülən tədbirlərlə bağlı oxuculara məlumat verəcəyik.
Cümşüd İsgəndər