Müasir Azərbaycan dövlətçiliyinin təşəkkül və inkişaf tarixi birmənalı şəkildə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ölkəni və xalqı faktiki olaraq yox olmaqdan xilas edən Ulu Öndər yalnız diplomatik gedişləri, mükəmməl idarəçilik qabiliyyəti ilə deyil, həm də dövlətin nəzəri-hüquqi alt bazisini yaratmaqla tarixi xidmət göstərmişdir.
Bu baxımdan 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya dövlətçiliyimiz üçün əvəzsiz tarixi hadisə oldu. Xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra iqtisadi və siyasi sabitlik yaradan Ulu Öndər dövlət üçün əsas qanun olan Konstitusiyamızın vacibliyini nəzərə alaraq əsas diqqəti məhz buna yönəltdi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası olan bu sənəd Ulu Öndərin birbaşa rəhbərliyi ilə hazırlanaraq geniş ictimai müzakirəyə çıxarılandan sonra ümumxalq səsverməsi ilə qəbul edildi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.
Deputat söyləyib ki, o dövr üçün beynəlxalq standartlara tam şəkildə uyğunlaşdırılan Konstitusiya müstəqil dövlətimizin idarəçiliyində gələcəyə yol göstərən mayaka çevrilib. Sonrakı illərdə zamanın tələbinə uyğun olaraq Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər ümumxalq səsverməsi ilə qəbul olunub.
“2016-cı ildə Prezident İlham Əliyevin təklifləri və təşəbbüsü ilə Əsas Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində müasir dövlət idarəçilik prinsiplərinə uyğun vitse-prezidentlik institutu yaradıldı, hakimiyyətin qolları arasında səlahiyyətlər tam dəqiqləşdirildi. Məhz bu Konstitusiya əsasında aparılan iqtisadi və siyasi islahatların müsbət nəticəsi son dəyişikliklərin nə qədər dəqiq və mükəmməl olduğunu bir daha təsdiqlədi”, - deyə Rəşad Mahmudov vurğulayıb.
O, sonda qeyd edib ki, bugünkü qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri sayəsində qəbul edilən və Prezident İlham Əliyevin təşəbbüsü ilə təkmilləşdirilən Konstitusiyamızın hesabına əldə edilən tarixi uğurumuzdur. Tək bu fakt onu sübut edir ki, ölkəmizin başçısı praktik fəaliyyəti ilə deyil, həm də nəzəri islahatları ilə Azərbaycan dövlətinin inkişafına əvəzsiz tarixi töhfələr verib. Azərbaycan Prezidenti yalnız müasir dünya tələblərinə uyğun idarəçilik sistemi formalaşdıran Konstitusiyanın təşəbbüskarı deyil, həm də bu Konstitusiyanı gerçək, real hüquqi akta çevirən liderdir. Azərbaycan Konstitusiyasında nəzərdə tutulan ərazi bütövlüyü, suverenlik, vətəndaşların təhlükəsizliyi müddəasını hüquqi nəzəriyyədən real gerçəkliyə çevirən məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu. Prezident İlham Əliyev hər bir vətəndaşın təhlükəsizliyinin, suverenliyinin və Konstitusiyanın tək təminatıdır.
“Təqvimin 12 Noyabrı Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Konstitusiyamız bizim üçün sıradan bir kitab, qanunlar toplusu deyil, eləcə də and yerimiz, müqəddəslik simvoludur. Bizə həm də vətəndaşlıq məsuliyyəti verən Konstitusiyamızı qorumaq, ona hörmətlə yanaşmaq, sevmək əbədi borcumuzdur”, - deyə deputat əlavə edib.