Bu gün müzakirə etdiyimiz “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Sazis” Azərbaycanın beynəlxalq hüquq sisteminə, xüsusilə də kosmik fəaliyyət sahəsində məsuliyyətli və etibarlı tərəfdaş kimi mövqeyinə bir daha işıq salır.
Sabahinfo.az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli parlamentdə “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”in müzakirəsi zamanı deyib.
O deyib ki, sənəd çox mühüm əhəmiyyət kəsb edir.
“Bu sənəd 1968-ci ildə qəbul olunmuş və kosmik hüququn əsas sütunlarından biri hesab edilən mühüm beynəlxalq razılaşmadır. Saziş kosmik fəaliyyət zamanı insan həyatının ali dəyər kimi qorunmasını, kosmonavtların təhlükəsizliyini və kosmik obyektlərin məsuliyyətli idarə olunmasını təmin edir. Azərbaycan Respublikasının bu Sazişə qoşulması ölkəmizin beynəlxalq öhdəliklərə sadiqliyinin, eləcə də sülh, humanizm və elmi əməkdaşlıq prinsiplərinə verdiyi önəmin açıq göstəricisidir. Bu addım bir daha sübut edir ki, Azərbaycan yalnız regional deyil, qlobal miqyasda da məsuliyyətli aktor kimi çıxış edir”-o vurğulayıb.
Deputat əlavə edib ki, bu gün Azərbaycan artıq kosmos sahəsində passiv müşahidəçi deyil:
““Azərkosmos” vasitəsilə ölkəmiz qısa müddətdə regionun aparıcı kosmik dövlətlərindən birinə çevrilmişdir. Azerspace, Azersky peykləri telekommunikasiya, Yer müşahidəsi, fövqəladə halların idarə olunması, ekoloji monitorinq və milli təhlükəsizlik sahələrində mühüm rol oynayır. Azərkosmos təkcə texnoloji nailiyyət deyil, eyni zamanda Azərbaycanın elmi potensialının, iqtisadi müstəqilliyinin və strateji baxışının nəticəsidir. Bu qurum beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək kosmik hüquq, məsuliyyət və təhlükəsizlik standartlarına tam uyğun fəaliyyət göstərir. Məhz bu kontekstdə müzakirə etdiyimiz Saziş Azərbaycanın kosmik fəaliyyətinin hüquqi və etik əsaslarını daha da möhkəmləndirir. Kosmosda insan həyatının qorunması, obyektlərin geri qaytarılması və dövlətlərarası əməkdaşlıq prinsipləri Azərbaycanın milli maraqları ilə tam uzlaşır. Sonda qeyd etmək istərdim ki, bu Sazişə qoşulmaqla Azərbaycan Respublikası bir daha bəyan edir: biz kosmosu rəqabət deyil, əməkdaşlıq məkanı, təhlükə deyil, inkişaf fürsəti, nəzarətsiz sahə deyil, hüquqla tənzimlənən ümumbəşəri dəyər kimi görürük”.