Bu gün daha bir xəyanətə şahidlik etdik. Bəli, illərdir dövlətə, dövlətçiliyə, Ulu Öndər Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevə ömrü boyunca sadiq qalmış, onlara xəyanət içində olanları ifşa etmiş şəxsin, öz övladı tərəfindən xəyanətə uğramasının şahidi olduq. Əfsuslar ki, tarix bizə bu günləri də görməyi rəva gördü. Bəzən bir insan haqqında sual səni bir gün deyil, bir ömür düşündürür. Son bir həftədir beynimdə fırlanan sual da budur: Ramiz Mehdiyev nə qədər təhlükəlidir?
2018-ci ildə onun qılıncının iti tayı da kölgə salmazdı — o dönəmdə mən jurnalist kimi açıq şəkildə onunla savaşa girdim. Həmin mübarizənin mənə yaşatdığı faciələr ayrıca roman mövzusudur. Amma bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayında mən o suala cavab tapdım.
Ramiz Mehdiyev oğulu atanın üzünə durğuzacaq qədər təhlükəlidir.
Ramiz Mehdiyev ağa qara dedizdirtəcək qədər təhlükəlidir.
Bu ölkə hələ çox şey görəcək… Hər səhər bir yalan doğulur, hər axşam bir həqiqət boğulur. Dezinformasiya artıq silahdır, “sarı mətbuat” isə onun tətikçisi. Hər kəs kiminsə marağı üçün yazır, kiminsə xeyrinə susur.
Bir vaxtlar Ramiz Mehdiyev barəsində adını belə çəkməyə qorxanlar indi onun “tabutuna mismar çaxan” qəhrəman obrazı yaradıb. Halbuki dünən eyni adamlar o tabutun başında dua edirdilər.
Bu gün keçirilən qurultayda iştirak edən biri kimi bəzi məsələlərə aydınlıq gətirmək mənə borcdur.
Əvvəla, sosial şəbəkələrdə dolaşan səsvermə videosu Elçin Ağamalının reqlamentdən kənar çıxışının səsverməyə qoyulması ilə bağlı idi. Tədbirin əvvəldən sonadək çəkilmiş kadrları bizdə var. Və o görüntüləri, həqiqəti yalanın pərdəsi altından çıxarmağa çalışan istənilən ədalətli media nümayəndəsi ilə paylaşmağa hazırıq.
Elçin Ağamalının çıxışına qulaq asdıqca bir həqiqəti daha aydın gördüm: bu tədbir təkcə siyasi yox, mənəvi provokasiyanın içində idi.
Bu gün yaşananlar kreslo uğrunda boğulan vicdanın səs sədası idi. Görəsən Elçin Ağamalını xəyanətə sövq edən nədir?
Bəlkə Fəzail müəllim bu sözlərimə görə məndən inciyəcək, amma bir övladın atasını pul və kreslo qarşılığında satması, çox ağır məsələdir.
Elçinin çıxışında illərin qisası, içində gizlədilmiş nifrət və köhnə kölgələrin qısqanclığı vardı.
Yadıma Fəzail müəllimin mənə dediyi bir söz düşdü:
“Mən o vaxt partiya sədri idim, İlham Əliyev namizədliyini irəli sürəndə digər hakimiyyət nümayəndələri və
Partiya sədrləri kimi onu qısqanmadım və tam gücümlə onu dəstəklədim. Çünki bilirdim – gənclik gələcəyi daşıyır.”
Bu cümlədə hakimiyyət hərisliyi yox, dövlətçilik sevgisi vardı. Və elə buna görə də, bu gün həmin insanın oğlunun sədr kürsüsü uğrunda bu qədər yersiz və ucuz savaşa girməsi ürək ağrıdır.
Elçin Ağamalının çıxışında “Sizə yağ-bal içində həyat quracam” kimi ifadələr səsləndirməsi siyasi səriştəsizliyin, yaxud mənəvi iflasın təzahürüdür. Ona müəyyən maraqlar qarşısında əl çalanların da kimliyi xüsusi olaraq araşdırılmalıdır.
Fəzail müəllimə qurultayda dəfələrlə “xahiş edirəm, o məsələlərə toxunmayaq” deməklə bir atanın oğluna olan sevgisindən riyakarcasına bəhrələndi. Amma o hörmətin qarşılığında gördüyümüz riyakarlıq Ağamalı soyadına yaraşmadı.
Qurultayın məqsədi partiyanın gələcəyini müəyyənləşdirmək idi, lakin bir neçə nəfərin şəxsi eqosu bu prosesi siyasi xaosa çevirdi.
Yeni sədrin seçilməsinin qarşısını almaq, səsvermə və yetərsay olmadan özünü sədr elan etmək nə hüquqa, nə əxlaqa, nə də insanlığa sığır.
Unutmayaq: hakimiyyət vicdanı əvəz edə bilməz.
Fəzail Ağamalının istefası səsverməyə qoyulmayıb və o, qurultayın təxirə salındığını oradaca bəyan edib. Bu halda Elçin Ağamalının özünü sədr elan etməsi hüquqi deyil, sadəcə mənəvi iflasın rəsmi elanıdır.
Və bura qədər susurdum. Amma artıq deməliyəm:
Əgər Fəzail Ağamalı bu qədər açıq siyasi səhvə “övladımdır” deyib göz yumarsa, mən və rəhbərlik etdiyim rayon təşkilatı vicdanla bir yerdə istefa verəcəyik.
Çünki biz hələ də inandığımız bir prinsipə sadiqik:
“Sədr olmaq asandır, amma sədaqətli qalmaq hər kəsin işi deyil.”
Bu gün Elçin Ağamalı sədaqət anlaşını ayaqlar altına atmış xəyanətkar övlad obrazındadır bizim üçün. Belə bir şəxsi heç cürə sədr qəbul edə bilmərik.
İsmayıl Nadirxanlı
Ana Vətən Partiyasının Şirvan rayon təşkilatının sədri